"Divizion elə-belə şeydir, bu liqanın heç bir mahiyyəti yoxdu”

13 İyun 2020 20:00 I Divizion 763
"Divizion elə-belə şeydir, bu liqanın heç bir mahiyyəti yoxdu”

Sportinfo.az xəbər verir ki, gələn mövsüm də Premyer Liqada 8 komanda olacağı böyük ölçüdə dəqiqləşib.

Elxan Məmmədov bunun işarəsini verdi. AFFA-nın içraçı vitse-prezidenti səviyyənin yüksək olmasını komandaların sayından önəmli tutdu.

Əslində çempionatda komanda sayının artırılması müəllimlərin əlində yaxşı “silah”dı. Nə vaxt başları sıxılsa, bu mövzü ilə gündəmi dəyişirlər. Əllərində “Kəpəz” və “Turan” kimi iki böyük klub var.

Fikir verin, bu söhbətlər həmişə Azərbaycan millisinin fiasko ilə nəticələnən çıxışlarından sonra gündəmə gəlir. Bununla sanki hər şey unudulur və futbol ictimaiyyəti də bayram etməyə başlayır.

Hələ aylar öncə PFL prezidenti Ramin Musayev canlı yayında adı çəkilən iki komandanın premyer-liqada olacağını açıqlamışdı. Elə o vaxt da bunu ciddiyə almamışdım. Çünki Musayev ölkə futbolunda güclü fiqur və ya ciddiyə alınacaq sima deyil.

Onun üçün futbol bir neçə nəfərin o yan-bu yana qaçmasından ibarətdi. Hələ o vaxt bəzi həmkarlar çempionat davam edərkən, PFL rəhbərinin “Kəpəz” və “Turan”ın premyer-liqaya gələcəyini söyləməsinin yanlış olduğunu bildirmişdi. Əsas kimi də idman prinsipləri göstərilirdi.

Guya Ramin bəyin bu açıqlaması divizionda mübarizə aparan başqa komandalara hörmətsizlik imiş. “İndidən əsas liqaya yüksələn komandalar bəllidisə, o birilər niyə mübarizə aparır” kimi suallar ortaya atılırdı. Halbuki PFL rəhbəri açıqlama verərkən bütün bu məqamları diqqətdən qaçıra bilərdi. Hətta heç ağlına da gəlməmişdi bu deyilənlər.

Bu yaxınlarda isə Ramin Musayev bu sözü özündən çıxardığını deyib, belə bir ehtimalın, planın olduğunu açıqladı. Əslində isə günahı “yuxarı”ya atdı. “Mən də onların yalançısıyam” demək istədi.

Hər halda nə “Kəpəz”in, nə də “Turan”ın premyer-liqaya gələcəyinə ümid var. Ortada isə nə üçün mübarizə aparan, niyə çempion olduğu bəlli olmayan divizion təmsilçiləri var. Builki çempion “Turan” da onlardan biridi.

Tovuz təmsilçisi ilboyu premyer-liqa ümidi ilə mübarizə aparsa da, sonda xəyallar suya düşdü. AFFA-nın koronavirus pandemiyası səbəbindən erkən çempion elan etdiyi komanda sevincini tam yaşaya bilmədi.

Bütün bunların “Turan”a necə təsir etdiyini və ən əsası, bu işdə əsas “rol”da olan oyunçuların nə düşündüyü öyrəndik. Komandanın əsas üzvlərindən Elxan Məmmədovun açıqlamasına münasibət bildirmələrini rica etdik (Futbol+).

Səbayıl Bağırov: “Bizim əsas məqsədimiz komandanın çempion etmək idi. Çox şükür, bunu bacardıq. Futbolçunu işi də budu. Əsas liqaya çıxıb-çıxmamaq isə bizim işimiz deyil. Ancaq rəhbərlik də onu fikirləşirdi ki, çempion olaraq premyer-liqaya getmək daha yaxşıdı. Açığı, hələ də gözləyirik. Bəlkə də sevindirici bir qərar oldu. Hər şey Tovuz üçün yaxşı olsun, ən əsası budu. Çünki bu qədər azarkeş, futbolu sevən insan var burda. Hamının gözü premyer-liqada idi. Komandanın orda oynamasını istəyirdilər. Mən artıq “Turan”da ikinci çempionluğu yaşayıram. Hər dəfə də əsas məqsədimiz premyer-liqaya yüksəlməkdi. Ancaq ora vəsiqə qazanmaq bizim işimiz deyil. Özüm əsas liqadan təklif gəlsə, dəyərləndirəcəm. Lakin komanda şəklində premyer-liqaya gələ bilməmək adamı məyus edir. Mənim üçün “Turan”la əsas çempionatda oynamaq daha yaxşı olardı”.

Aqşin Muxtaroğlu: “Açığı, premyer-liqaya gələcəyimizi fikirləşirdik. Çempion kimi getmək istərdik. Mətbuatdan oxuyurduq, “Kəpəz”lə “Turan”ın əsas liqada olacağını eşidirdik. Biz də futbolçular olaraq ona hazırlaşdıq. Yenə də xəbər gözləyirik. Ancaq eşitmişik ki, yenə 8 komanda olacaq. Amma hələ dəqiq deyil. Premyer-liqaya buraxılmasaq, bizim üçün növbəti sarsıntı olacaq. Mən artıq 5 ildi divizonda çıxış edirəm. Dörd dəfə fərqli komandalarla çempionluq yaşamışam. Heç biri də əsas liqaya yüksəlməyib, indi də çıxacağını gözləmirəm. Belə görürəm ki, divizion elə-belə şeydi, bu liqanın heç bir mahiyyəti yoxdu. Bu çempionatda perspektiv də qalmayıb ki, oynamaq üçün həvəs olsun”.

Digər Xəbərlər
Xəbər Lenti