"MTN"nin üzvü danışdı: "Kəpəz”ə sponsorluq etmək istəyənlər var"

26 Aprel 2020 16:20 I Divizion 1 155
"MTN"nin üzvü danışdı: "Kəpəz”ə sponsorluq etmək istəyənlər var"

Yaşlı və orta nəslin nümayəndələri olan azarkeşlər yəqin ki Nofəl Əzizovu tanımamış deyil.

üzun müddət “Kəpəz”də müxtəlif vəzifələr tutan, Mehman Allahverdiyev və Tahir Əliyevlə çiyin-çiyinə çalışan funksioner xeyli vaxtdı futboldan uzaq düşüb.

Gəncə təmsilçisinin uğurlarında pay sahibi olan Nofəl bəylə söhbətimizdə “Kəpəz”in dünəni və bugünü haqda danışdıq, gələcəyi barədə fikirlərini öyrəndik.

- Uzun illər “Kəpəz”in uğurları üçün çalışan funksionerlərdən biri olmusuz. İndi futboldan, klubdan uzaq qalmaq çətin deyil?
- Futboldan kənarda qalmaq çox pis təsir edir. Açığı, çox darıxıram. Amma başımızı qatmağa bir iş tapırıq. Sevdiyin işdən uzaq düşmək sözün həqii mənasında çətindi. Çempionatı izləyirəm, dostlarla zəngləşirik, bəzən görüşüb çay süfrəsi arxasında müzakirələr aparırıq. Ancaq sonuncu dəfə “Kəpəz”də başverənləri görəndə... Belə futbolda olmaqdansa, kənarda qalmaq daha yaxşıdı. Gəncə futbolunda hələ indiyədək elə biabırçılıq olmamışdı və inanmıram ki, bundan sonra da olsun. Halbuki klubda işlərin çoxunu mən görürdüm. Mehman Allahverdiyev klubdan gedəndən sonra əsas yük mənim üzərimə düşmüşdü. İndi fikirləşəndə deyirəm yaxşı ki biz vaxtında klubdan ayrıldıq. Əks halda pul yeyintisində bizim də adımızı hallandıracaqdılar. Deyəcəkdilər ki, pul yeyənlər siyahısında elə Nofəl də var idi.

- Ötən əsrin 90-cı illərində Azərbaycan futbolunda qarşısıalınmaz “Kəpəz” var idi. Ancaq indi “sarı-göylər” birinci dəstədə ortabablar arasında yer alıb. Sizcə, ölkənin ən titullu klublarından biri nəyə görə bu vəziyyətə düşdü?
- Çoxları düşünə bilər ki, indi maliyyə məsələsini qabardacam. Xeyr, səbəb başqadı. “Kəpəz”in belə miskin hala düşməsənin əsas səbəbi Mehman Allahverdiyevsiz qalmasıdı. Maddiyyat ikinci pillədədi. Mehmansız “Kəpəz” “Kəpəz” deyil. Mən bunu nə dostu, nə də bir yerdə işləmiş biri kimi deyirəm. Hər şeyi olduğu kimi demək lazımdı. Özünüz də bilirsiz ki, Mehmandan başqa klubda çoxlu məşqçi və rəhbərlər olub. Ancaq heç biri onun qazandığı uğurların ondabirini qazanmayıb. İnanıram ki. Allahverdiyev yenidən “Kəpəz”ə dönsə, komanda keçmiş günlərinə qayıda bilər. Ona tam sərbəstlik verilməlidi, o yenidən kluba rəhbərlik etməlidi. Haqqında gəzən bəzi şayiələr var ki, onların heç birinə inanmaq lazım deyil. O çox yaxşı rəhbər olub, yeri gələndə cibinin pulunu xərcləyib. Bəzən elə olub ki, ailəsinə xərcləməli olduğu pulu uşaqlarının boğazından kəsərək kluba sərf edib. Yenə deyirəm, Mehmansız “Kəpəz” əvvəlki əzəmətini çətin qaytarsın.

- Klubun bir şəxsdən bu qədər asılı olması nə dərəcədə düzdü? Belə çıxır ki, sabah Allahverdiyev həyatda olmasa, “Kəpəz” daim autsayder olacaq və ya gününü aşağı dəstədə keçirəcək.
- Hələ ki Mehman sağdı və ondan istifadə etmək lazımdı. Bilirsiz, Allahverdiyevin ən böyük üstünlüyü nədədi?

- Bilmirik, deyərsiz bilərik...
- Onun ən böyük üstünlüyü kadr seçərkən səhvə yol verməməsidi. Mehman bir dəfə söhbət etməklə qarşısındakı insanın hansı yuvanın quşu olduğunu bilir. Bu cəhət də həmişə ona istədiyinə nail olmaqda kömək edir. Futbolun içindən çıxdığı üçün istənilən oyunçunun ağzını açanda nə demək istədiyini göydə tuturdu. Onu aldatmaq qeyri-mümkündü. Seçdiyi kadrlar da həmişə çalışıb ki, onun üzünü ağ etsin. Bir ara Azərbaycan futbolunda “MTN” deyilən ifadə var idi. Bunun açıqlaması Mehman – Tahir – Nofəl demək idi. Tahir Əliyev və mən həmişə Allahverdiyevin yanında olmuşuq.

- Ölkənin ikinci böyük şəhərinin komandasını AFFA-nın maliyyələşdirdiyi hamıya bəllidi. Nəyə görə şəhər icra hakimiyyəti və yaxud Gəncənin iş adamları “Kəpəz”ə sahib çıxmırlar?
- “Kəpəz”ə sahib çıxmaq istəyənlər var, niyə yoxdu? Bir ara belə söhbət də var idi. Həmin adamların adını çəkmək istəmirəm. Onlar kluba sponsorluq etmək istəyirdilər. Amma “Kəpəz”i əldən verən var? Siz yaxşı olardı ki, bu suala cavab tapın. Mənə elə gəlir həmin şəxslər indi də sevə-sevə klubu maliyyələşdirərlər. Özü də həmin şəxslər bir neçə nəfər idi. Aralarında Azərbaycanda yaşayanlar da var, ölkə xaricində biznes quranlar da. “Kəpəz” gəncəlilərin qürur mənbəyidi, onu sevənlər təkcə Azərbaycanda yaşamırlar. Xaricdə də bu klubun yaşından asılı olmayaraq fanatları olub, var və olacaq. “Kəpəz” bir-iki günün komandası deyil ki, azarkeş baxımından korluq çəksin. Onun tərəfdarlarının yaşı da 7-dən-77-yə qədər dəyişir. Özünüz də “Kəpəz”in oyunlarını Gəncədə izləyəndə tribunalarda yaşlıların və gənclərin olduğunu görmüsüz. Yəni “Kəpəz” sevgisinin yaş limiti yoxdu.

- Bir vaxtlar yetirmələrinə görə Gəncəni “Azərbaycan futbolunun Məkkəsi” adlandırırdılar. Ancaq bu gün bu yöndə də axsama hiss olunur. Gəncə futbolunda daha maşallahlar, mahmudlar və adını çəkmədəyimiz başqa tanınmış oyunçularun oxşarları yetişmir. Bu nə ilə bağlıdı? Bu sahəyə də Mehman Allahverdiyev lazımdı?
- Təkrarçılığa yol verib Gəncənin ölkə futboluna bəxş etdiyi oyunçuların adlarını bir-bir çəkmək istəmirəm. Onları bütün Azərbaycan tanıyır. Bunun da səbəbi var. Uzun müddət Gəncədə yeni futbolçu nəslinin yetişməsi üçün normal şərait olmadı. Şükür Allaha, bu il bazanın həyətində əlavə süni meydan salındı. Ancaq bu da azdı. Həmin meydandan yalnız klubun aşağı yaş qrupları yararlana bilir. Kənarda o qədər məşq keçən komandalar var ki. Gəncədə hazırda gənc məşqçilər var ki, normal işləyirlər, yaxşı uşaqlar üzə çıxarırlar. Lakin bir az böyüyən kimi şəraitsizlik üzündən başqa yerlərə - “Qəbələ”yə, “Vətən” Futbol Məktəbinə, başqa klublara yollanırlar. Onların da bir çoxu kənarda qalıb məşqlərə ciddi yanaşmadıqlarından böyük futbola keçmək astanasında itib-batırlar. Onlar Gəncədə ailələrinin yanlarında qalsalar, daha çox inkişaf edərlər, gələcəkdə yüksək səviyyədə oynayarlar. Nə qədər də olmasa, valideyndən uzaq düşən 14-15 yaşlı yeniyetmə azadlığın ona yaratdığı fürsətdən başqa cür istifadə edir. Sonradan geri qayıdıb gələndə isə artıq hər şey gec olur. Gəncədə futbol akademiyası olsa, vəziyyət dəyişər, şəhər yenidən Azərbaycan futbolunun Məkkəsinə çevrilər. Bu gün də Gəncədə perspektivli uşaqlar var. Özüm də dəfələrlə müxtəlif yaş qrupu üzrə liqaların oyunlarını izləmişəm.

- İxtisasca jurnalistsiz. Ancaq nədənsə ixtisasınız üzrə işləməyib futbola üz tutmusuz. Belə çıxır ki, futbola olan sevgini peşənizdən üstün tutmusuz.
- Bəli, mən Bakı Dövlər Universitetinin jurnalistika fakultəsini bitirmişəm. İndi də ara-bir dövri mətbuatda yazıların çıxır. Futbola məni bu oyuna sevgi və dostlarım gətirdi. Jurnalistikaya İlqar Həsənova, Araz Qurbanova baxıb üz tutmuşdumsa, futbolu da Mehman Allahverdiyevlə Yunis Hüseynova görə seçdim. Hamı bilirdi ki, mən futboldan öncə Bakıda yaxşı işdə çalışırdım. O işi də tullayıb futbola gəldim.

- Bildiyimə görə, hazırda “Real” TV-nin rəhbəri olan Mir Şahinlə eyni qrupda oxumusuz. Bu gün onunla əlaqələriniz var, görüşürsüz?
- Mir Şahinlə deyə bilmərəm hər gün danışırıq. Ancaq arada əlaqə saxlayırıq. Bir-iki dəfə də Bakıda görüşmüşük. Mahir Məmmədli ilə bir yerdə oxumasaq da, onunla da zəngləşirik. Başqa tələbə yoldaşlarımızla da ara-sıra danışıb görüşürük. Bir-birimizdən uzaqda yaşadığımızdan tez-tez bir araya gəlməsək də, xeyir- şərdə üz-üzə gəlirik.

- Söhbətə “Kəpəz”lə başlamışdıq, istəyirəm elə onunla da son qoyaq. “Kəpəz” nə vaxtsa yenidən ölkə futbolunun liderlərindən biri olmağı bacaracaq?
- Tək mən yox, Gəncənin bütün futbolsevərləri buna inanır. Çünki biz hamımız “Kəpəz” uşaqlarıyıq. Gələcəyə böyük ümidlə baxırıq və inşallah, həmin günü görəcəyik. Məncə, ölkə futboluna rəhbərlik edən şəxslər başqa klublara ayırdıqları maliyyənin 60 faizini Gəncə futboluna yönəltsələr futbolumuza daha çox fayda vermiş olarlar. Həmin pulla elə komanda yaratmaq olar ki, 90-cı illərin “Kəpəz”ini xatırladaq. Niyə həmin illəri xüsusi vurğuladım? Çünki, 1994-95-ci illərdə ancaq gəncəli futbolçulardan qurulmuş “Kəpəz” böyük uğurlara imza atmışdı. Hələ də yeganə klub bizik ki, mövsümü məğlubiyyətsiz başa vurmuşuq. Həmin illərdə təkcə qapıçımız Nadir Şükürov kənardan gəlmişdi. Ancaq Nadiri də gəncəli saymaq olar. Görün neçə illərdi Şükürov Gəncə futbolunun uğurları üçün tər tökür. Gəncələlilər hələ də ümidlərini üzməyiblər, inanırlar ki, “Kəpəz” Azərbaycanın böyük futbol ailəsində yenidən söz sahiblərindən biri olacaq (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti