“Günah məndədir, bu məğlubiyyəti heç cür həzm edə bilmirəm”

23 Mart 2020 23:40 I Divizion 813
“Günah məndədir, bu məğlubiyyəti heç cür həzm edə bilmirəm”

Birinci divizionda işləri yaxşı getməyən “Qaradağ Lökbatan” son iki qarşılaşmada qapısında 12 qol görüb.

Sportinfo.az xəbər verir ki, komanda hazırda 7 xalla sonuncu pillədə qərarlaşıb.

Bu çempionatda fərqli məğlubiyyətlər görəndə, adətən, ağla başqa şeylər gəlir. Burda komandanın uduzmasından daha çox oyunun satılması və fərqli iddialar ortaya çıxır.

Düzdü, AFFA bu məsələ ilə bağlı ciddi addımlar atır. Hətta dekabrda həmin iddia ilə “Ağsu”nun 20-dən çox üzvü futboldan qovuldu və komanda fəlaiyyətini dayandırmaq məcburiyyətində qaldı. Ancaq yenə də belə halların yaşanmadığını əminliklə demək olmur.

“Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyevlə komandanını uğursuz çıxışı və bunun səbəbləri barədə söhbət etdik. Söhbət əsnasında futbolçuların “alver”lə məşğul olması ehtimalına da toxunduq (Futbol+):

“Açığı, bu vəziyyət qarşısında nəsə demək çətindi. “Zaqatala” ilə son qarşılaşmadan öncə komandada az-çox oyun var idi. Ancaq həmin matçda hər şey fərqli oldu. İlk yarıda, hətta ikinci hissənin 62-ci dəqiqəsinə qədər hər şey yaxşı gedirdi. Məğlub olmağımıza bir söz demirəm. Bu mümkündü.

Hazırda divizionda ən gənc heyət bizdədi. Ancaq 1:7 hesabı ilə uduzmaq adama təsir edir. Bu hesabla məğlub olmağı ağlımdan belə keçirməzdim. O gündən bu yana özümə qapanmışam. Bu məğlubiyyəti heç cür həzm edə bilmirəm. Futbolçularla da görüşürəm, söhbət edirəm.

Bilirsiz ki, koronavirusa görə məşqlər dayanıb. Ancaq ara-sıra onlarla fərdi şəkildə söhbət edirəm ki, bu nə faciə idi baş verdi. Bunu motivasiya ilə əlaqələndirmək olmaz. İnanın ki, motivasiya üçün hər yola əl atıram.

Ancaq özüm-özümə təhlil edib acı reallığı qəbul edirəm. Belə ki, biz divizion komandalarından iki dəfə zəifik. Bunu açıq şəkildə qəbul edirəm. Amma bu o demək deyil ki, 0:5, 1:7 hesabı ilə məğlub olmalıyıq. Belə uduzmaq olmaz.

Oyuna normal başlayırıq, mübarizə aparırıq. Yenə də nəticə dəyişmir. “Zaqatala”nın baş məşqçisi Rüstəm müəllimlə məşqçilik kursunda bir yerdə oxuyuruq. İnanın ki, görüşün ardından mənə yaxınlaşıb dedi ki, birinci hissədə başımıza elə oyun açdız ki, 1 xala razı idik.

Amma sonda görün hesab necə oldu. Yenə deyirəm, zəifik deyə uduzmağa çıxmırıq meydana. Amma biz rəqiblərdən heyət olaraq geridəyik. Təcrübə və oyunçu keyfiyyəti baxımından da”.

Dərgahquliyev nəticələrin meydandan kənar amillərlə bağlı olduğuna inanmır: “Bilirəm, divizionada belə nəticələrdən sonra müxtəlif iddialar olur.

Futbolçuların oyunu satması, danışılmış matç və sair söhbətlər gəzir. Ancaq o şeylər ağlımın ucundan belə keçmir. Mən təsəvvür etmərəm ki, bizdə belə şey ola. Xüsusən də dekabrda yaşananlardan sonra.

Bu qədər cəzadan sonra ikinci dövrədə eyni hal başımıza gələ bilməz. Mən futbolçularıma güvənirəm. Səhv oyuna görə futbolçunu tənbeh də edərəm, qınaya da bilərəm. Ancaq belə bir şey deyə bilmərəm.

Sadəcə, son görüşdə hesab 1:3 olanda mərkəz müdafiəçimiz qırmızı vərəqə aldı. Bu da oyunun qırılma anı idi. Bundan sonra artıq heç nə edə bilməzdik. Amma bəzi şeylər var ki, onları deməliyəm. Sadəcə, “məşqçi bəhanə edir” deməsinlər deyə söyləmirəm.

Nəzərə alınmalıdı ki, 4 oyunçumuz yox idi həmin matçda. Onsuz da heyət olaraq rəqiblərdən geri qalırıq. Bununla yanaşı, əsas heyətdən dörd futbolçu zədəlidi. Əlbəttə, çətin olar. Amma bu da bəhanə ola bilməz.

Mən bütün günahı üzərimə götürürəm. Günah məndədi. Digər komandaların ehtiyat oyunçular skamyasına baxıram, bizlə müqayisədə çox fərqlidi.

Hadisələrin belə axarıyla bağlı rəhbərliklə də görüşümüz olub. Mənə bura gələndə komandadan nəticə tələb etmədiklərini demişdilər. Məqsədimiz oyunçu yetişdirmək, aşağı yaş qrupları üzrə yığmalara verməkdi. B

u gün də sevinirik ki, Kamran Bağırov yığmanın məşqçilər heyətinin diqqətini cəlb edib. Amm təbii ki, mənə irad bildirilir. Düzdü, açıq şəkildə deyilməsə də, mən özümə bu iradı tuturam.

Elə oyundan sonra paltardəyişmə otağında da söhbətimiz oldu. Orda bir daha dedim ki, bütün məsuliyyət mənim üzərimdədi. Həmişə də rəhbərliyin verəcəyi qərara ikiəlli razıyam. Fərq etməz, bütün qərarlarına hörmətlə yanaşıram.

“Get” desələr, ikiəlli razılaşacam. Yenə də onlara “çox sağ ol” deyərəm. Çünki komanda uduzursa, baş məşqçi uduzur. Komandaya cavabdeh baş məşqçidi. Bu gün heyət zəifdisə, yenə də məsuliyyət məşqçidədi. Ancaq məni də başa düşmək lazımdı ki, çərçivədən kənara çıxa bilmirəm.

İstədiyimiz oyunçunu götürə bilmirik. Məncə, koronavirusla bağlı yaranan fasilə bizim üçün fürsət olmalıdı. Bəlkə bu müddətdə özümüzə gələrik. Onsuz da təlim-məşq toplanışına getməliydik”.

Digər Xəbərlər
Xəbər Lenti