Yaxın vaxtlarda Azərbaycanda daha bir klub fəaliyyətini dayandıra bilər.
I Divizionda beşinci mövsümünü keçirən «Ağsu»nun üstünü kəsdirən problemlər nə birdi, nə iki.
Çətinliklər Aran təmsilçisinin başından vurub ayağından çıxır. Yaxud da əksinə.
«Ağsu» 19 turdan sonra 11 xala malikdi. 14 iştirakçı arasında sonuncudular. AFFA-nı narahat edən klubun üzləşdiyi maliyyə çətinliyi deyil. artıq 2 ildən çoxdu ki, «şərabçılar» bir qarnıac, bir qarnıtox yaşayır. Əgər buna yaşamaq demək mümkünsə.
«AzQranata» şirkəti futbola maliyyə dəstəyini azaldıb. İllik büdcə 100 min manatdan da aşağı endirilib.
Futbolçular qaldıqları oteldən çıxarılıb, qida təminatı ləğv edilib. Mükafat deyilən stimul qalmayıb.
Yeganə «stimul» bukmeyker kontorlarıdı. Rüfət Quliyev başqa səbəbdən sükan arxasından uzaqlaşdırılmayıb.
Məhz onun baş məşqçisi olduğu dönəmdə «Ağsu» danışılmış oyunlarla bağlı söz-söhbətlərin və şübhələrin əsas «ifaçı»sı səviyyəsinə yüksəlib.
Bu, UEFA-nın AFFA-ya ötürdən siqnallarda da öz əksini tapır. «Ağsu»nun Gürcüstanda fəaliyyət göstərən qeyri-leqal totolizator şəbəkəsiylə əlaqələrinin mövcudluğuna dair iddialar var.
Federasiya bütün bunları nəzərə alaraq, «AzQranata» şirkətinə müraciət edib.
Sponsor iki variantdan birini seçməlidi – ya maliyyə vəziyyətini qaylasına salıb kluba nəzarəti gücləndirməli və bununla, köklü təmizləmə etməli, ya da ki, «Ağsu»nun fəaliyyətinə xitam verməlidi.
Maraq üçün qeyd edək ki, «Ağsu» dağılsa, adını daşıdığı rayon yenə futbolsuz qalmayacaq. Çünki «Ağsu Siti» bu mövsümdən Region Liqasında mübarizə aparır.
SPORTİNFO.AZ

