Klubları qeyri-müəyyənliyin dibinə yuvarlanmaqdan necə qoruyaq?

15 Mart 2019 13:12 I Divizion 550
Klubları qeyri-müəyyənliyin dibinə yuvarlanmaqdan necə qoruyaq?

AFFA İcraiyyə Komitəsi klub futbolumuzla bağlı bir sıra qərarlar verib.

Gələn mövsüm Birinci diviziona əvəzedici heyət çıxaracaq komandalara təşviq məqsədilə 50 min manat ayrılacaq.

Lakin əvəzedici heyətini bu yarışa çıxarmayacaq kollektivi isə ağır cəza gözləyir – 100 min manat.

Cari mövsümdə, AFFA-nın israrına rəğmən, «Qəbələ» bu turnirdə təmsil olunmayacağını qətiyyətlə bildirmişdi.

Bu yerdə xatırlatmaq yerinə düşər ki, İcraiyyə Komitəsinin ötən ilin yayına təsadüf edən toplantısında əhəmiyyəti heç də az olmayan və hələ çox mübahisə doğuracaq qərar da verib.

Bunu xüsusi qeyd etmək lazımdı: klubların lisenziyalaşdırılması prosesinin tərkib hissəsi kimi əvəzedici komandaların yarışlarda iştirakı «A» dərəcədən «B» dərəcəli meyara keçirilib. Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunacaq.

AFFA “Turan-Tovuz”un nəzdində futbol akademiyası təsis edir. Bunun futbolumuz üçün nə qədər xeyirli layihə olacağını gələcəkdə görəcəyik.

Ən əsası, ötən əsrin 50-ci illərindən futbol ənənələrinin təməli qoyulmuş Tovuz futbol məktəbinin ayaq üstə durması üçün bu qərar böyük əhəmiyyət kəsb edir.

Yəqin, növbəti mərhələdə peşəkar statuslu klubun özünün maliyyə dayaqlarının yaradılması istiqamətində tədbirlər görüləcək.

Məncə, gəncləşmə daim olmalıdı. Əgər bir klub qəfil böyük kapital qoyuluşu görmürsə, davamlı şəkildə gəncləşməlidi ki, öz biznesini qursun və bu da elə vətənə xidmət və yeni oyunçular kəşf etmək deməkdi.

Elə ölkə xaricində də ikili oyunçu kursu götürülməlidi - tanınmış və oyuna təsiri olanlarla istedadı olanların transferi və onların parlaması ilə əldə olunan qazanc.

Bu komponentlərin heç biri Azərbaycan futbolunda olmayıbsa, bu gəncləşmələr əsatirdən başqa bir şey deyil.

Ona görə də ictimai əsaslı komandaarımıza, ilk növbədə, müstəqil fəaliyyət və bir deyil, dayanaqlı bir neçə sponsor lazımdı.

Klubların «şura»sında isə ya azarkeşlərin seçdiyi, ya da həqiqətən bu komandaya xeyir verəcək peşəkarlar – futbolçular, iş adamları, ictimai xadimlər yer almalıdı və hər birinin də məsuuliyyəti olmalıdı.

Əgər Türkiyədəki variantla futbolun inkişafına çalışırıqsa, buna zəhmət çəkməyə dəyməz. Çünki bu qeyri-müəyyənliyin dibinə yuvarlanmaq deməkdi.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti