"Səbail"də yeni "STAVKA" OLAYI - 5 futbolçu "qara siyahı"da

10 Mart 2019 15:43 I Divizion 1 529
"Səbail"də yeni "STAVKA" OLAYI - 5 futbolçu "qara siyahı"da

«Səbail»də hər həftə nəsə, hansısa hadisə baş verməlidi və verir.

Sirr-xuda içində saxlanılan klubun düşərgəsində nələr olursa, çoxu ictimaiyyətdən gizlədilir.

Mətbuata sıxan xəbərlərin əksəriyyəti ikinci-üçüncü dərəcəli informasiya blokuna daxildi. Son olay isə əminik ki, ciddi təhqiqata yol açacaq.

Bir neçə gün öncə AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı görüş keçirilib. Görüşdə UEFA nümayəndələri - Qrem Peker və Massimilano Miçentsi, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Seymur Səlimli, AFFA-nın Hakimlər komitəsinin əməkdaşları, Premyer Liqa və I Divizionda çıxış edən klubların nümayəndələri iştirak edib.

UEFA nümayəndələri xüsusi təqdimatla çıxış edərək danışılmış oyunlar, onlarla mübarizə üsullarından danışıb.

Qonaqlar UEFA-nın İntizam qaydalarında bu problemlə bağlı öz əksini tapmış müddəalar barədə məlumat verib, beynəlxalq təcrübədən nümunələr təqdim ediblər.

UEFA nümayəndələrinin AFFA-ya baş çəkməsi səbəbəlidi - «alver»in davam etməsi yönündə siqnallar yenə artıb.

Serkulyar məktubların bir neçəsində «Səbail-2»nin adı çəkilir. Belə ki, Siyasət Əsgərovun çalışdırdığı komandanın «Ağsu» ilə səfərdə keçirdiyi matç ciddi şübhələr yaradıb.

I Divizionun 17-cu turu çərçivəsində keçirilən görüş «dənizçilər»in səfər qələbəsiylə başa çatıb - 3:4. Rüfət Qultyevin «Ağsu»dan uzaqlaşdırılmasını rəsmiləşdirən oyunda hesabı meydan sahibləri açıb.

Elnur Səmədovun fərqlənməsinə cavab olaraq «Səbail-2» fasiləyədək 4 qol vuub. İkinci hissədə isə aranlılar adını daha 2 dəfə tabloya yazdırıb.

Sərxan Əhmədli, Ramil Orucov, Miremil Həsənov, Rubin Seyidov və Ürfan İsmayılov bu matçdan sonra rəhbərliyin «qara siyahı»sına düşüb.

«Qarabağ-2» ilə qarşılaşmadan öncə iclas keçirilib. İcraçı direktor Ramin Həsənovun drijorluq etdiyi toplantı səs-küylü keçib.

Həm o, həm də baş məşqçi adları çəkilən futbolçuların danışılmış oyunlara getməsi barədə qulaqlarına xəbər çatdığını iddia edib.

Maraqlıdı ki, onlardan İsmayılov komandanın kapitanıdı. Əhmədli ilə Orucov Ağsuda 90 dəqiqə meydana çıxıbsa, qapıçı Miremil Həsənov 45+5-ci dəqiqədə Mövlan Kərimovu əvəzləyib.

Cəzalı Rubin Seyidovun «təqsir»i isə odu ki, səfər qafiləsində yer alıb və tribunada əyləşərək kimlərləsə telefonla danışıb.

Bilinmir kimlərlə əlaqə saxlayıb və nə söhbət edib. Telefonu qulağına yaxınlaşdırması kifayət eləyib ki, rəsmilər ondan şübhələnsin və haqqında rəvayət uydursun.

Qalmaqallı iclasın yekunu olaraq Siyasət Əsgərov «Qarabağ»la son oyunda Sərxan Əhmədli ilə Miremil Həsənovu ehtiyatda saxlayıb. Ramil Orucov 41-ci, Rubin Seyidov 60-cı, Ürfan İsmayılov isə 87-ci dəqiqədə meydana çıxıb.

Hay-küylü keçən iclasın yaratdığı qatı qara duman futbolçuların valideynlərində narahatlıq yaradıb. Onlar rəhbərlikdən görüş tələb ediblər. Ki, övladlarına atılan şər-böhtanın hesabını Ramin Həsənovdan soruşsunlar.

Bəs deyirdilər ki, «Səbail»ə oyun alqı-satqısını Elman Sultanov gətirib? O ki artıq komandanın baş məşqçisi deyil, bir neçə ay əvvəl postundan uzaqlaşdırılıb - «alver»in kökü niyə kəsilmir indi?

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti