Papenin bəyəndiyi Valeh Seyidovun yolu açıldı

8 Mart 2019 12:36 I Divizion 1 549
Papenin bəyəndiyi Valeh Seyidovun yolu açıldı

«Bakı»nın yetirməsi Valeh Seyidov «Keşlə»yə keçib.

22 yaşlı hücumçu paytaxt təmsilçisi ilə mövsümün sonunadək müqavilə bağlayıb.

O, hazırda əvəzedici komandanın düşərgəsində yer alıb. 79 nömrəli formanı seçən forvard bir müddət sonra Tərlan Əhmədovun sərəncamında ola bilər. Bunun üçün öncə I Divizionda özünü göstərməlidi.

Seyidov Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbəsidi. ADİU-nun distant, qiyabi və əlavə təhsil mərkəzinin «Qiyabi təhsil» şöbəsində «Mühasib uçotu və audit» ixtisası üzrə təhsil alan 2434 saylı qrupun 5-ci qrup tələbəsidi.

O, ötən 2 ili Portuqaliyada keçirib, II liqada çıxış edən «Louletano»nun şərəfini qoruyub.

Bu ölkənin özündən və Xorvatiyadan başqa təklifləri olsa da, universitet həyatını yarımçıq başa vurmamaq məqsədilə vətənə dönüb.

ADİU rəhbərliyi cari dərs ilinin sonunadək ondan Bakıda qalmasını istəyib, çünki bu müddətdə bir neçə imtahan verməlidi.

«Bakı»nın heyətində müxtəlif yaş qrupları üzrə çempionatların 3 dəfə bombardiri olan Valeh «Ankara liseyi»ni fərqlənmə diplomu ilə bitirib, medalçıdı.

ADİU-ya yüksək balla daxil olub, ingilis, portuqal və fransız dillərini mənimsəyib. Riyaziyyat üzrə yarışmalarda dəfələrlə qalib adını qazanıb.

İstedadlı gənc qış fasiləsində «Sumqayıt»ın Antalya toplanışına aparılıb. «Kimyaçılar»la müqavilə bağlamamasının səbəbləri başqadı.

Ayxan Abbasovun onu bəyənməməsi barədə iddialar kökündən yanlışdı. Baş məşqçi açıqlamalarının heç birində «mən Valehi istəmirəm» deməyib. Başqa sözlə, Abbasov etik kodeksi gözləyib və «qırmızı xətti»i keçməyib.

Başqa cür də ola bilməz. Seyidov hələ bir neçə il öncə «Lans»a dəvət alıb. Fransa futbolunun canlı əfsanələrindən Jan-Pyer Papen şəxsən onu bəyənib və ölkəsinin klubuna məsləhət görüb.

Hücumçu 3 ay «Lans»da təcrübə keçib və daha sonra «Bakı»nın üzləşdiyi məlum hadisələrdən dolayı geri qayıtmaq məcburiyyətində qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti