«Hazırda klubun yeganə sponsoru mənəm, amma yayda bir neçə şirkətdən təklif var idi».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Binə»nin prezidenti Teymur Həsənli deyib.
I Divizionda debüt edən qəsəbə klubunun rəhbəri bildirib ki, o, «Binə»nin adını dəyişmək şərtini qəbul etməyib:
«Bəzi çağırışlar gəlmişdi, biz hətta müqavilə şərtlərini müzakirəyə çıxarmışdıq. «Binə»yə sponsorluq etmək istəyən şirkələr, klinikalar istədi ki, kluba öz adlarını versin. Bunun qarşılığında müəyyən məbləğ də ödəməyə hazır idilər.
AFFA ilə məsləhətləşdik, bildirdilər ki, «Binə»nin adının dəyişdirilməsi məsləhət deyil, qoy, belə qalsın. Bu məsləhətə qulaq asdıq, ona görə də əlavə sponsorların təkliflərini geri çevirdik.
Sponsorlara dedik ki, klubun adını dəyişmirik, ancaq formaların üzərində adınızı yazmağa hazırıq. Razılıq vermədilər. Buna qətiyyən üzülmürük.
Mənim futboldan qazancım yoxdu, bir tək istəyim Binə camaatının bu idman növündən ləzzət almasıdı, stadiona gəlməsidi, komandanı uğbra səsləməsidi, sevinməsidi».

