«Yeni ildən sonra komandamızda kifayət qədər böyük dəyişiklər olub».
Bu sbözləri Sportinfo.az-a açıqlamasında «Sabah»ın baş məşqçisi Arif Əsədov deyib.
O, debütantı olduqları I Divizionda sezonu liderlər qrupunda bitirmək istədiklərini söyləyib: «Yayda komandanı tez-tələsik yığmışdıq, çünki çempionatda iştirakımız hələ dəqiqləşməmişdi.
Həmin vaxt əsasən klubsuz futbolçulara üstünlük vermək məcburiyyətində qaldıq. Qışda isə heyəti gücləndirmək lazım idi və biz büdcəni aşmamaq şərtilə bu işləri gördük.
Gələnlərdən elələri var ki, onları heç yoxlama oyunlarında meydana buraxmağa vaxt olmadı, birbaşa çempionata gəldilər. Yəni ki, hamısı eyni vaxtda, təlim-məşq toplanışının gedişində bizimlə olmadılar.
Onlardan artıq komandaya uyğunlaşanlar olduğu kimi, hələ bu prosesi tap keçməyənlər var. Hamısına ümidlərim böyükdü. Məhəmməd Qurbanov, Seymur Əsədov və Ricat Qarayevu qeyd edə bilərəm. Turdan-tura oyunumuzda və nəticələrimizdə artım olacaq.
Əsasən gənclərə üstünlük vermişik. Ona görə işi belə qurmuşuq ki, bu futbolçular gələn mövsümlərdə də komandaya fayda versin. Biz bu komandanı yalnız bu gün üçün yığmamışıq. Eyni zamanda, gələcəyi də düşünürük.
Qış fasiləsindən 3 tur keçib, 4 xal toplamışıq. Zədəli və xəstə futbolçularımızın çoxluğu səbəbindən ilk turda «Xəzər»ə qarşı optimal heyətlə çıxa bilmədik. «Turan»la növbəti oyunda isə son dəqiqələrdə buraxdığımız qola görə 2 xalı heç nədən itirdik. Ağsu səfərində qələbə qazanıb, əhval-ruhiyyəni düzəltdik.
Çalışırıq ki, MOİK-lə oyunda və ondan sonra da uğurlu seriyamızın davamını gətirək. Çempionatı ilk üçlükdə başa vurmaq istəyirik. Düzdü, turnir cədvəlinin yuxarı pillələrində gedən komandalarla aramızda xal fərqi bir qədər çoxdu, bununla belə, sonadək mübarizə aparacağıq ki, məqsədimizə çataq.
Qaldı ki «Sabah»ın gələn mövsüm Premyer Liqada çıxış edəcəyi barədə deyilənlərə, bunlar hələlik yalnız söz-söhbətdi. Mənə rəhbərlikdən bu barədə heç nə deyilməyib».

