Peşəkar Futbol Liqası, səhv eləmirəmsə, 3-4 ildi savab bir işin qulpundan yapışıb.
Gözdən və könüldən uzaq I Divizionun oyunlarını çəkib, camaata göndərirlər. Bir-iki kamerayla da olsa.
Hər halda montajdan çıxan kadrlara göz gəzdirəndə, maraqlı qollar izləyə bilərsən. Şəxsən mən, elə olub ki, bir oyunun icmalına 3-4 dəfə baxmışam. Qəşəng qol gördüyümdə isə bəzən 5-10 kərə.
PFL imkan daxilində divizion futbolçularını diqqət mərkəzində saxlayır. Ayın qolunu seçirlər, mükafatlandırırlar.
Olmayan yerdə bu da qayğıdı. Yenə sağ olsun o qolu vuran, çəkən və seçənlər. Divizionun klublarının Premyer Liqaya yolunun bağlı qaldığı bu illər üçün o futbolçuların laureat olmaqdan qeyri bir təsəllisi yoxdu, nə yazıqlar ki…
Premyer Liqa klubları və onların məşqçiləri çox nadir hallarda ayaqlarına əziyyət verib, Divizion oyunlarının keçirildiyi saatda stadiona baş çəkir.
Axırıncı dəfə kim olub onlardan orda, əlini qadırsın. Biri də. köməkçilərini göndərmirlər, qaldı özləri. Ona görə də aşağıdan yuxarı bir futbolçu gəlmir. Gəlsinər ki, görsünlər. Görsünlər ki, gətirsinlər. Gətirinlər ki, Premyer Liqada yeni adlar eşidək.
Akademiyalar zəif çalışır. Əvvəl bir «Bakı» idi, bir «Xəzər Lənkəran», bir də «Qəbələ». Bu gün sonuncular tək qalıb meydanda. «Qarabağ» nə isə etməyə çalışır, amma hələ ki «Qəbələ»nin «inkubator sexi» bir nömrədi, işləyir, istehsal edir. Bir «Qəbələ»nin akademiyasında dünyaya göz açanlar Premyer Liqanın 5-6 klubunda ayaq tutub yeriyir.
Bütün yükü «Qəbələ»nin üstünə atmaq da olmaz. Diviziona arxalanmaq da. Az-çox perspektiv vəd edən gəncləri Region Liqasında da, həvəskarlar liqasında da tapmaq mümkündü. Könlü balıq istəyənin balağı gərək suda islana. Ərinir, can çəkirlər. Qurban Qurbanovla Rəşad Sadıqov xaric. Millinin məşqçilərini tez-tez «İnter Arena»da - «Xəzər»in oyunlarında görmək olar…
Qalan hamı hazırın naziridi - axtarmasan, tapmasan, tapıntı hardan? Göydən zənbil deyil düşsün qabağına. Ya da qızıl balıqdan-zaddan nəsə düşməlidi tilovuna, ondan istəməlisən. Yoxdu heç biri.
Var istedadlı uşaqlar. Barmaqla sayılacaq qədər az olsa da sayları, hər halda var. Tərlan Əhmədov sezonun ilk yarısını «Binə»də keçirən Fərid Abbaslını AZAL-dan tanımasaydı, ömründə «Neftçi»yə gətirməzdi. Qalan yazıqlar neyləsin onda?
Uzunqulağa tərsinə minib, bəxtlərinin açılmasını gözləsinlər? Əşşi, gedin baxın da, yerinizdən tərpənsəz, altınıza yığdığınız yumurtalar tərs düşər?! «Qaradağ Lökbatan»a baxın, «Sabah»a baxın, «Zaqatala»ya baxın, «Xəzər»ə baxın. Amma baxın. Heç olmasa, 2-3 dəfə stadionda görünün, görsünlər sizi.
Tənbəllik etməyin, axtaran tapar. Mirbağır İsayev bir legioneri milliləşdirmədən, sırf təmizqanlı azərbaycanlı uşaqlardan ibarət U-17 millisi qura bildisə, demək ki, bu məmləkətdə istedadlar hələ ölməyib!
MUSA

