"Musa Qurbanova nə dedik, nə istədik, hamısını artıqlamasıyla etdi"

1 Mart 2018 19:48 I Divizion 1 178
"Musa Qurbanova nə dedik, nə istədik, hamısını artıqlamasıyla etdi"

«Ayyarım-iki ay olar ki, mən bu komandanın baş məşqçisi təyin olunmuşam. Ötən müddət ərzində nə işlər görməyimiz artıq özünü göstərməyə başlayıb».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Bu gun I Divizionda 16-cı tura start verilib. İlk oyun günündə sürpriz nəticə qeyd alınıb. Turnir cədvəlinin sonuncu pilləsində məskunlaşan «Zaqatala» səfərdə «Şüvəlan»dan 1 xal aldı.

Medallar uğrunda mübarizə aparan «karqoçular» qələbə qazana bilməməklə lider «Qaradağ Lökbatan»la arasındakı xal fərqini azaltmaq şansını boşa verdi.

«Zaqatala»ya gəlincə, qış fasiləsində Şaban Şirdanovla yolların ayrılması komandaya müsbət təsir göstərib. Vakanat posta əyləşən gənc mütəxəssis heyəti gücləndirməklə yanaşı, oyun üsluğunu da dəyişib və bu da nəticələrdə öz əksini tapıb.

Yeni ildən sonrakı 3 turda 4 xal toplayıblar. R.Məmmədovun bildirdiyinə görə, kollektivin potensialı göstəriciləri daha da yaxşılaşdırmağa imkan verir:

«Şüvəlan»la heç-heçə mənim üçün gözlənilməz olmadı. Bu dəqiqə divizionda elə bir komanda yoxdu ki, biz onu uda, yaxud 1 xal ala bilməyək. İstəyir lider olsun, istəyir başqaları olsun.

Qış fasiləsindən sonrakı ilk turda «Qaradağ Lökbatan»a evdə qalib gəlməliydik. Xeyli qol epizodları yaratdıq, təcrübəsizlik və bəxtsizlik məğlub olmağımıza gətirib çıxardı. Minimum 1 xal götürməliydik.

Görürəm ki, oyundan-oyuna uşaqlarda artım var. Bu da meydanda və ondan kənarda yaratdığımız nizam-intizamla əlaqədardı. Komanda düzəltmək, nəticə qazanmaq istəyirsə, hər şeydən əvvəl intizamı qaydasına salmalıyıq. Bu olmasa, heç nə alınmayacaq.

Şükür, «Zaqatala»da intizam sarıdan bütün işlər yüksək səviyyədədi. Təyinat alandan sonra üstünə düşdüyüm ilk iş bu olub. Yaratdığımız intizama görədi ki, komanda yavaş-yavaş nəticə qazanır.

Bizim üçün çempionat qış fasiləsindən sonra başlayıb. Ondan əvvəlki dövrələri unutmuşuq. Siz də fərz edin ki, çempionat yeni baqşlayıb, bizim də 4 xalımız var. Məndən qabaq məşq prosesi, intizam və başqa msələlər necə olub, hamısı qalıb keçmişdə. Heç birinə qayıtmaq istəmirəm.

Komandanı sıfırdan götürmüşəm və elə fikirləşirəm ki, ilk addımlarımızı təzə-təzə atırıq. Qışadək olduqca çox xal itkisinə yol verilib. Ümumi xalımızı hesablasam, deyə bilərəm ki, dördüncü-beşinci yerlərə qalxmağımız qeyri-mümkündü. Axı rəqiblər də xal qazanır.

«Zaqatala» ən yaxşı halda altıncı yeri götürə bilər. Rəhbərlik məni baş məşqçi təyin edəndə, şərt kəsməyib ki, filan yeri götürməlisən. Özüm də heç nəyə söz verməmişəm. Məndən yalnız onu istəyiblər ki, komandanı düzəlt.

Nizam-intizam yaratmışıq, indi çalışıram ki, öz oyun sistemimi uşaqlara yeridim. Bu da çox çətin məsələdi. Vaxt aparır. Bəzən 2-3 il çəkir. «Qarabağ»ı götürün. Qurban müəllimin «Qarabağ»ı hazır səviyyəsinə gətirib çıxarması üçün görün, neçə il lazım oldu.

Sistem elə şeydi ki, onu icra edə biləcək futbolçular yığmalısan. Son 1-2 ayda «Zaqatala»ya xeyli futbolçu gəlib-gedib. Sistemə uyğun gəlməyənləri geri qaytarmışıq. Dəvət göndərdiyimiz bəzi yerli futbolçular isə baxıb komandanın turnir cədvəlindəki yerinə, bura gəlməkdən imtina edib.

Başqa klubların düşərgəsindəki futbolçuların sayı 24-dən başlayır. Bizdə isə 18-18 nəfər var. Bu qədər uşaqla isə nə optimal hazırlıq keçmək olur, nə də istədiyin kimi məşq verə bilirsən. Vərəqə alanlanları, cəzalıları da üstünə gəlsən, heyət güclə düzəlir.

Çempionatın ən cavan komandalarından biriyik. 1995-ci il təvəllüdlü uşaqlar üstünlük təşkil edir. Hətta 98-99-ci illərin uşaqlarını da cəlb etmişik heyətə. Gənc də olsalar, bir yumruq kimi birləşmişik. «Zaqatala»nın rəhbərinrdən tutmuş, adminstratoruna, xadiməçisinə kimi hamı bir məqsədə qulluq edir - klubu qaldırmaq.

Deyərdim ki, qışdan sonra nəticələrimizin yaxşılaşmasının əsas səbəbkarı Musa Qurbanovdu. Bir rəhbər olaraq hamımız ondan razıyıq. Elə bir sözümüz və xahişimiz olmadı ki, onu yerə salsın. Nə dedik, nə istədik, hamısını elədi, özü də artıqlamasıyla.

Musa müəllim komandanın gündəlik işləriylə yaxından maraqlanır, hansısa bir çatışmazlıq olanda, problem yarananda o dəqiqə həll edir. Şərait yaratdı ki, təlim-məşq toplanışı keçək, kənardan bir neçə futbolçu gətirək. Ümumiyyətlə, o, «Zaqatala» ilə, «Zaqatala» da onunla nəfəs alır».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti