I Liqada gərgin və maraqlı keçən mövsüm artıq geridə qaldı.
"Şəfa" çempion adını qazanaraq, Misli Premyer Liqasına vəsiqəni təmin etdi və təbii olaraq, mövsümün ən yaxşı komandası seçildi.
Lakin futbol kollektiv oyun olsa da, fərdi performanslar bəzən bütöv bir mövsümün hekayəsini yazır.
"Şəfa"nın turnir cədvəlindəki hegemonluğu o demək deyil ki, digər klublarda diqqət mərkəzində saxlanmalı, elitaya layiq oyunçular yoxdur.
Dünyanın qabaqcıl rəqəmsal skautinq və analitika platformalarından olan "Comparisonator" tərəfindən I Liqanın mövsümün rəmzi heyətinə seçilən bəzi adlar, bu fikrin ən bariz sübutudur.
Riyazi hesablamalara, dəqiq statistik göstəricilərə və meydandakı effektivliyə əsaslanan bu seçim heç də təsadüfi deyil.
Gəlin, öz oyunları ilə rəmzi heyətdə yer qazanan və Premyer Liqa klublarının skautlarının radarına düşməyə tam layiq olan həmin futbolçulara fərdi şəkildə nəzər salaq:
Seyxan Fərəcov (MOIK) - Liqanın "qol maşını"
Mövsümün ən parlaq fərdi uğurlarından biri şübhəsiz ki, MOIK-in hücumçusu Seyxan Fərəcova məxsusdur. O, təkcə komandasının lideri deyil, həm də bütöv bir liqanın bombardiri olaraq mövsümü tamamladı. Hücum xəttindəki soyuqqanlılığı, qol duyumu və cərimə meydançası daxilindəki effektivliyi Seyxanı rəmzi heyətin toxunulmaz simalarından birinə çevirdi. Bombardirlik titulu onun həm fərdi ustalığının, həm də hər an oyunun taleyini dəyişə biləcək bir forvard olmasının təsdiqidir.
Kamran Quliyev ("Səbail") - Elita təcrübəsi və keyfiyyət
"Səbail"in forması geyinən Kamran Quliyev bu mövsüm I Liqada səviyyə fərqini hiss etdirən oyunçulardandır. Onun ən böyük üstünlüyü Premyer Liqa təcrübəsinə sahib olmasıdır. Meydanda daha yüksək sürətə, pressinq prinsiplərinə və taktiki nizam-intizama bələd olan Kamran bu təcrübəsini komandasının xeyrinə maksimum dərəcədə istifadə etdi. Hücum və keçid fazalarındakı effektivliyi onu "Comparisonator"un analitik sistemində ən yuxarı pillələrə daşıdı.
Seymur Məmmədov ("Mingəçevir") - Premyer Liqa səviyyəli debüt
"Mingəçevir"in yarımmüdafiəçisi Seymur Məmmədov üçün bu mövsüm tam bir xarakter nümayişi sayılmalıdır. Karyerasında ilk dəfə I Liqada çıxış etməsinə və turnirə tamamilə yad olmasına baxmayaraq, Seymur Premyer Liqa təcrübəsini meydanda dərhal hiss etdirdi. Bu liqada heç bir adaptasiya problemi yaşamayan təcrübəli oyunçu inanılmaz bir stabillik göstərərək, demək olar ki, bütün oyunlarda 90 dəqiqə meydanda qaldı. İlk I Liqa mövsümündə mərkəzi təkbaşına idarə etməsi, yorulmaz fiziki dözümlülüyü və mərkəzdəki kompaktlığı qoruması onun rəmzi heyətdəki yerini tam mənası ilə qanuniləşdirdi.
Cavad Qurbanlı ("Şahdağ Qusar") - Etibarlılıq və professionalizm
"Şahdağ Qusar"ın heyətində çıxış edən Cavad Qurbanlı isə müasir futbolda məşqçilərin ən çox axtardığı iki xüsusiyyəti özündə birləşdirdi: stabilitlik və nizam-intizam. Arxa-arxaya iki mövsümdür ki, heç bir ciddi zədə almadan, fiziki formasını pik nöqtədə saxlayan Cavad meydanda mövqe savadı ilə seçilir. Müdafiə və ya dayaq zonasındakı aqressiv oyununa baxmayaraq, bütöv mövsümü cəmi 3 sarı vərəqə ilə tamamlaması onun soyuqqanlılığının və taktiki intizamının göstəricisidir. Comparisonator" platformasının rəqəmlərlə təsdiq etdiyi bu rəmzi heyət göstərir ki, Azərbaycan I Liqası zəngin potensiala malikdir. Çempion "Şəfa" Premyer Liqaya komanda olaraq yüksəlsə də; Seyxan Fərəcov, Kamran Quliyev, Seymur Məmmədov və Cavad Qurbanlı kimi oyunçular fərdi keyfiyyətləri ilə artıq növbəti addımı atmağa - elitada çıxış etməyə hazır olduqlarını sübut etdilər.
SPORTİNFO.AZ

