Sabah Premyer Liqa uğrunda pley-off oyunu keçiriləcək.
“Qəbələ“ və “Mingəçevir“ Sumqayıtdakı “SOCAR Polymer Arena”da üz-üzə gələcək.
Görüş saat 18:30-da start götürəcək və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. Oyunda VAR sistemi tətbiq ediləcək.
I Liqada ikinci yer tutaraq Premyer Liqanın 11-cisi ilə həlledici matça çıxmaq hüququ əldə edən “işıqçılar“ onlara vəd olunan mükafatı artıq alıb.
Bu yolda “Səbail“i 4:1 udan Mingəçevir şəhərinin eyniadlı təmsilçisi 20 min manat qazanıb. Klub rəhbərliyi bu qədər pulu məşqçi və futbolçular arasında bölüb - kiminə 800 manat çatıb, kiminə 500 manat.
Maaş borcundan isə hələ xəbər yoxdur. Düzdür, funksionerlər vəd verib ki, 3 aydır gecikən əməkhaqqılar qısa müddətdə ödəniləcək, bununla belə, buna güman yenə azdır.
Çünki sabah keçiriləcək oyuna görə kollektivə yaradılan şərait çox pisdir. “Mingəçevir“lilər doğma şəhəri bir qədər əvvəl tərk edərək Sumqayıtın yolunu tutub.
“Gənclik şəhəri“ndə son məşqə çıxa bilməyəcəklər. Yönətim yalnız qalmağa yer tapıb, hazırlıq keçməyə pul yox.
SPORTİNFO.AZ

