COP29

Premyer Liqa klublarına problem yaradan bu məşqçini hamı tanısın!

6 Dekabr 2024 17:00 I Divizion 3 104
Premyer Liqa klublarına problem yaradan bu məşqçini hamı tanısın!

"Sumqayıt" Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanmağı bacardı.

Amma doğma divarlar arasında keçirilən görüşdə "kimyaçılar"ın MOİK-i məğlub etməsi asan başa gəlmədi.

Əsas vaxtı 1:1 bərabərliklə bitən qarşılaşmada Vaqif Cavadovun kollektivi yalnız əlavə vaxtda vurduğu qollarla növbəti mərhələyə vəsiqə qazana bildi.

Birinci Liqa təmsilçisinin Premyer Liqa klubuna qarşı belə dirənişi təəccüblü sayıla bilməz.

Axı Qəzənfər Abbasovun baş məşqçisi olduğu MOİK ilk dəfə deyil ki, belə çıxışla yadda qalır.

Bacarıqlı məşqçi eyni halı hətta "Qarabağ"a da yaşada bilib.

Belə ki, ötən mövsüm Ölkə Kubokunun 1/8 final mərhələsində ordu klubunun rəqibi "köhlən atlar" olmuşdu.

Xankəndidə keçirilən tarixi oyundan öncə Qurban Qurbanovun komandasının asanlıqla qalib gələcəyi proqnozlaşdırılırdı.

Amma MOİK 90 dəqiqə meydanda əsl döyüşçü ruhu sərgiləmişdi.

Qapısını alınmaz qalaya çevirən "hərbiçilər"in müqavimətini Olavio Juninyo, Yassin Benziya, Marko Yankoviç, Abdullah Zubir kimi usta futbolçular da qıra bilməmişdi.

Yalnız matça artırılmış 5 dəqiqənin sonuncu saniyəsində Nəriman Axundzadənin başla vurduğu qol ağdamlıları "Sumqayıt" kimi əlavə vaxt oynamaqdan xilas etmişdi.

Təsadüf bir dəfə olar, daha iki dəfə yox.

Biz eyni mənzərəyə ikinci dəfə şahid oluruqsa, deməli, Qəzənfər Abbasov kiçik büdcə, böyük çətinliklərə rəğmən Premyer Liqa klubları önünə döyüşkən komanda çıxarmağı yaxşı bacarır.

Ümid edək ki, istedadlı çalışdırıcını yaxın gələcəkdə daha iddialı klubların başında görəcəyik. Ki, həmin bacarığını tam ortaya qoya bilsin.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti