
«Komandanı gücləndirməkdən ötrü ehtiyac duyduğumuz mövqelərə yeni oyunçular etməyə çalışırıq».
«Difai»nin baş məşqçisi Elgiz Kərəmli Sportinfo.az-a açıqlamasında transfer çalışmaları barədə danışıb.
I Liqada qalmaq uğrunda mücadilə verən Ağsu təmsilçisinin çalışdırıcısı bildirib ki, bu yöndə fəaliyyəti davam etdirirlər:
«Qış fasiləsində bəzi oyunçularla yollarımızı ayırmaq məcburiyyətində idik. Ümumilikdə, komandadan 12 futbolçu ayrılıb.
Onlara gələcək karyeralarında ugurlar arzu edirəm. Çempionatın ilk 12 turunda demək olar hamıya şans verdik.
Bu qədər futbolçu ilə vidalaşmaq çətin idi, amma bizim başqa çarəmiz qalmadı. Əksəriyyəti başa düşürdü ki, komandanın gücünə güc qata bilmirlər.
İndi bizə oyun praktikası olan təcrübəli futbolçular lazımdır. Namizədlər var, danışıqlar gedir.
«İrəvan»dan ayrılan qapıçı Əlirza Müştəbazadə ilə artıq müqavilə imzalamışıq. Daha 3 transfer etməyi planlaşdırmışıq».
İlk mövsümünü keçirdiyi çempionatın geridə qalan hissəsində 4 xal toplayan və turnir cədvəlinin 9-cu pilləsində yer alan «fədailər» 12 futbolçuya qapını göstərib.
Yeni ilə irimiqyaslı «təmizləmə» ilə qədəm basan Ağsu klubu Elçin Əliyev, Fürdovsi Kazımov, Ruslan Hüseynov, Uğur İbrahimov, Bayram Paşazadə, Mehdi Əliyev, Fuad Məmmədzadə, Hacı Rüstəmov, Amil Cabbarlı, Tural Əmirhüseynov, Peyman Əliyev və Bəhlul Əliyev ilə vidalaşıb.
Onlarla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.