«Difai»də ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.
İclasda komandanın I Liqanın ilk yarısında əldə etdiyi nəticələr müzakirə edilib.
Klub prezidenti Asəf Məlikov Elgiz Kərəmlinin baş məşqçi postuna təsdiqləndiyini və ondan gözləntilərinin böyük olduğunu bildirib.
O, eyni zamanda, 12 tur ərzində qeydə alınan göstəricilərdən narazılığını ifadə edib.
Vaxtilə Qarabağda ermənilərə qarşı vuruşmuş və qazi olmuş rəhbər şəxs deyib ki, komanda mövsümün birinci hissəsində öz mübarizlik keyfiyyətlərini meydanda nümayiş etdirməyib.
Başqan bu səbəbdən islahatların zamanının çatdığını söyləyib. Prezident diqqətə çatdırıb ki, kollektivə yaradılan şəraitlə nəticələr üst-üstə düşmür və belə davam edərsə, daha sərt tədbirlər görüləcək.
Məlikov konkret tapşırıq verib - yeni ildən sonra uğurlu qrafik cızaraq, turnir cədvəlinin orta sıralarında qərarlaşmaq.
Vitse-prezident Cavidan Qorçıyev çıxışında bildirib ki, klub prezidenti tərəfindən məşqçi və futbolçulara hər cür qayğı göstərilir, maddi-texniki durumun daim yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır.
Natiq vurğulayıb ki, rəhbərlik öz üzərinə düşən öhdəlikləri artıqlamasıyla yerinə yetirir və indi bunun qarşılığı verilməlidir.
Funksioner «Difai»nin adına yaraşan uğurlu nəticələrin qazanılacağına əminliyini ifadə edib, deyib ki, şəxsən o, bu iddiadan geri çəkilməyəcək və klubun inkişafı naminə sonadək çalışacaq.
«Biz bu yolda sonadək varıq və fikrimizdən geri çəkilən deyilik» söyləyən C.Qorçıyev heyətin gücləndiriləcəyini açıqlayıb.
Ən çətin məqamlarda komandanın yanında olduqlarını xatırladan vitse-prezident görüləcək yeni işlərlə bağlı danışıb, bir neçə yeni futbolçu ilə danışıqların getdiyini dilə gətirib.
Yeri gəlmişkən, Qarabağ qazilərini təmsil edən klub «təmizləmə prosesi»ni sürətləndirib. «Fədailər» 11 futbolçu ilə yollarını ayırıb.
Ağsu klubu Elçin Əliyev, Fürdovsi Kazımov, Ruslan Hüseynov, Uğur İbrahimov, Bayram Paşazadə, Mehdi Əliyev, Fuad Məmmədzadə, Hacı Rüstəmov, Amil Cabbarlı, Tural Əmirhüseynov və Bəhlul Əliyev ilə vidalaşıb.
Onlarla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
SPORTİNFO.AZ

