“Mənə bir şey çatmır, niyə çətinlik olan yerdən qaçmalıyam?“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “İrəvan“ın baş məşqçisi Nazim Süleymanov deyib.
I Liqa klubunu çalışdıran mütəxəssis son vaxtlar üzləşdiyi problemlərin onu ruhdan salmadığını bildirib. Yəqin aydın oldu, söhbət Qərbi Azərbaycan təmsilçisinin yaşadığı çətinliklərdən gedir.
Mövsümə iddialı başlayan, tədricən üzə çıxan maliyyə çatışmazlıqlarına görə ardıcıl qalmaqallı proseslər yaşayan, nəticədə əsas heyətinin özəyini itirən komandanın nətcələri də pisləşib.
Premyer Liqaya vəsiqədən gözünü çəkən “İrəvan“ı 2024-cü ildə heç də yaxşı günlər gözləmir. Bununla belə, Süleymanov olduğu yeri tərk etməyə tələsmir:
“Ailəni dolandırmaq ailə başçısı olaraq bizim borcumuzdur. Məgər çətinlik olan kimi qorxub qaçmaq lazımdır?
Çətinlik var, çalış, çıxış yolu tap. Mən heç vaxt problemlərdən qorxmamışam.
Çünki mənim üçün ön planda heç vaxt maddiyat dayanmayıb. Hər zaman işimi, sənətimi, perspektivi düşünmüşəm.
Məhz perspektivə görə bu gün “İrəvan”dayam“.

