“Qaradağ Lökbatan”ın müdafiəçisi Murad Qayalı Sportinfo.az-a müsahibə verib.
U-21 millimizin sabiq üzvü komandasının ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Neftçi”yə 0:4 hesabıyla uduzduğu oyunla bağlı sualları cavablandırıb.
- Bərabərlik qolunu axtardığınız dəqiqələrdə rəqib ikinci qolu vurmaqla üstünlüyü tam ələ aldı. Son 20 dəqiqədə qapınızdan 3 top buraxmağınızın səbəbini nə ilə izah edə bilərsən?
- Süni örtükdən təbii meydana keçmək həmişə çətin olur. Məşqlərimizi əsasən “sintetika”da edirik, bu gün isə “ot”da oynayırdıq. Belə olduğu halda hansısa müddətdən sonra ayaqlarda ağırlıq yaranır. Ancaq “Neftçi”nin gücünü də qeyd etmək lazımdır. Heyətlərində təcrübəli və keyfiyyətli futbolçuları var. Mübarizə apardıq, döyüşdük, baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Bu qədərinə gücümüz çatdı. İnşallah, daha yaxşı olmaq üçün çalışacağıq.
- Mümkün möcüzəyə inamınız var idi?
- Biz bura özümüzə inanıb gəlmişdik. “Neftçi”nin hər nə qədər güclü olduğunu bilsək də, gücümüzə inanırdıq. Bura məğlubiyyət üçün yox, mərhələ adlamaq üçün gəlmişdik.
- “Neftçi”nin adı və çəkisi sizdə əlavə təzyiq yaradırdı?
- Birinci Liqada kifayət qədər oyun oynamışıq. Düzdür, “Neftçi”ni oradakı rəqiblərlə bir tutmaq olmaz. Amma liqada da yaxşı komandalar var. Yenə deyirəm, məqsədimiz mərhələ adlamaq idi. Bununla yanaşı, “Neftçi”nin adına, rəhbərliyinə və futbolçularına hörmətlə yanaşırdıq. Hansısa həyəcandan söhbət gedə bilməzdi.
HƏBİB

