“İrəvan”la “Araz-Naxçıvan” arasında ölkə kuboku çərçivəsində baş tutan oyunda Muxtar Respublika təmsilçisi rəqibini darmadağın etməklə böyük hesablı qələbəyə sevindi – 8:2.
Təcrübədə və maliyyədə səni üstələyən rəqibə uduza bilərsən, lap qapından 10 buraxmağını da hardasa başa düşmək olar.
Ancaq bir komandanın Premyer Liqa təmsilçisi ilə kubokun 1/8 final mərhələsinin görüşünə həkimsiz çıxması. Daha doğrusu, tarixi “İrəvan”ın adını daşıyan klubda tibbi personalın olmaması rəzalətdir.
Oyunun 65-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ramin Məhərrəmov yerdə qalanda həkim müdaxiləsinə gərək duyuldu ki, bu an hadisə yerinə “Araz-Naxçıvan”ın səhhət keşikçilərinin qaçması təəccüb doğurdu.
Düşündük ki, bəlkə zədəli futbolçu naxçıvanlıların texniki zonasının yaxınlığında yerdə qalıb deyə, qonaq təbiblər ora tələsdilər.
Amma yox. “İrəvan” matça həkimsiz çıxıbmış. Bunu matçdan sonra bəndənizə müsahibə verən Nazim Süleymanov da təsdiqlədi.
İndi deyin bilək, “İrəvan”ı biabırçı gündə saxlamaq kimə lazımdır?
HƏBİB / SPORTİNFO.AZ

