I Liqanın geridə qalan 11 turunun bir neçə qarşılaşması UEFA-nın «şübhəli oyunlar» siyahısına düşüb.
Sportinfo.az bu barədə AFFA -ya yaxın mənbələrdən məlumat əldə edib.
Redaksiyamıza daxil olan qeyri-rəsmi informasiyaya görə, aşağı liqada mübarizə aparan 10 komandadan 5-i ilə bağlı araşdırmaya başlanılıb.
Bunlar «Karvan», «Mingəçevir», «İrəvan», «Araz Saatlı» və «Qaradağ Lökbatan»dır.
Avropa futbol qurumu bu kollektivlərin iştirakıyla keçirilən bir neçə qarşılaşmanın nəticəsinin şübhəli olması barədə AFFA-nı məlumatlandırıb.
UEFA-nın nəzdində fəaliyyət göstərən gizli polisin apardığı araşdırma müəyyən edib ki, «Karvan», «Qaradağ» və «İrəvan»ın qələbəsinə böyük pul qoyuluşu həyata keçirilib.
«Araz» və «Mingəçevir»in oyunlarında isə tam əksinə, onların məğlubiyyətə uğrayacağı proqnozlaşdırılıb və bukmeyker kontorlarına bəzi öləkələrdən «stavka» qoyulub.
Təxminlər üst-üstə düşdüyündən, UEFA təhqiqata başlaması haqda AFFA-ya yeni məktub ünvanlayıb və öz növbəsində yerli federasiyadan da prosesə qoşulmasını istəyib.
Təbii ki, AFFA da oyun manipulyasiyasına dair şifrəli informasiyaya etinasız yanaşmayıb və hazırda iki təşkilat arasında məlumat mübadiləsi davam edir.

