Qazi prezident: "Çox istərdik ki, bizim komandamız da Xankəndidə oynasın" - FOTO

22 Dekabr 2023 11:40 I Divizion 757
Qazi prezident: "Çox istərdik ki, bizim komandamız da Xankəndidə oynasın" - FOTO

«Belə tarixi anın şahidi olmaq, onu yaşamaq, həmin hissi keçirmək fəxrediləsi haldır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»FK-nın prezidenti Asəf Məlikov deyib.

Məlum olduğu kimi, dünən «Qarabağ»la MOİK arasında keçirilən ölkə kubokunun 1/ 8 final mərhələsinin oyunu Xankəndidə təşkil olundu.

Beləcə, 30 ildən sonra ilk dəfə Qarabağ bölgəsində bir futbol qarşılaşması baş tutdu. Respublika səviyyəsində böyük maraq doğuran tədbirə dəvətlilər arasında Asəf Məlikov da yer alıb.

Vaxtilə I Qarabağ Müharibəsində ermənilərə qarşı döyüşmüş və qazi olmuş veteran hərbiçinin Xankəndinə budəfəki səfər təəssüratlarını dinləyək:

«Unudulmz bir gün yaşadıq. Açığı, hələ də eyforiyadayıq. Bu şəhərin küçələrindən keçmək 90-cı illərdə səngərdə olduğumuz vaxt bizim ən böyük arzumuz idi..

Bu gün cənab Ali Baş Komandan İlham Əliyev və ugid döyüşçülərimizin, ordumuzun, daxili işlər orqanları və güc strukturları əməkdaşlarının şücaəti sayəsində arzumuza çatdıq.

İndi sevincimizin həddi-hüdudu yoxdur. Böyük futbol şöləni köhnə dostlarımızı yenidən bizə qovuşdurdu.

Müstəqil Azərbaycanın ilk Olimpiya Çempionu Nazim Hüseynov, 2022-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası və «Alanyaspor»un birgə təşkilatçılığı ilə Alanyaya səfər etmiş qazilərimizlə yenidən bir yerdə olduq.

Qədim torpağımız Qarabağda, Xankəndi şəhər stadionunda uzun illərdən sonra Azərbaycan himnini səsləndirmək, komandaların oyununu izləmək qürurverici idi.

Sevindirici haldır ki, Şuşadan sonra Xankəndidə də «Difai»nin bayrağını dalğalandırdıq. Cənab Prezidentin stadionda çıxışını böyük maraq və diqqətlə dinlədik, onunla, ordumuzla bir daha fəxr hissi keçirdik.

Həqiqətən də qısa müddət ərzində Xankəndidə böyük abadlıq-quruculuq işləri görülüb və hələ davam edəcək. Şəhər böyük və gözəldir, stadionu da əsaslı şəkildə təmir olunub.

Əminik ki, burada oyunlar tez-tez keçiriləcək. Çox istərdik ki, «Difai» də Xankəndidə meydana çıxsın, ötən əsrin əvvəlində döyüş meydanlarında tarix yazan babalarımızın ruhunu bir daha şad etsin».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti