
Sportinfo.az xəbər verir ki, Azərbaycan 2-ci liqasında mübarizə aparan "Göygöl" 9-cu turun "Şəki Siti" ilə oyununda baş hakim Rövşən Rəcəbovun qərarlarından narazı qaldıqları haqda bəyanat yayıb,
R.Rəcəbovu idmançının şərəf və ləyaqətini alçaldan ifadələr işlətməkdə ittiham edib.
Məsələ ilə bağlı Peşəkar Futbol Liqasından daxil olan rəsmi açıqlamada görüşlə və baş verənlərlə bağlı qərar qəbul edilməsinin AFFA İntizam Komitəsinə həvalı olunduğu bildirilib:
Həmçinin oxuyun: Azərbaycan futbolunda qalmaqal, hakimlər meydanı tərk etdilər - Video, Bəyanat
"Bildiyiniz kimi, 2-ci Liqa bu ildən etibarən keçirilir, yəni yeni liqadır. Bütün liqalarda olduğu kimi, burada da təhlükəsizlik məsələləri bizim üçün çox önəmlidir. Dünən Göygöl Olimpiya İdman Kompleksində keçirilən “Göygöl” – “Şəki Siti” matçı baş hakim Rövşən Rəcəbovun qərarı ilə yarımçıq dayandırılıb. Yarımçıq dayandırılmış oyunun həm baş hakim, həm də AFFA nümayəndəsi tərəfindən yazılmış raportunu əldə etmişik. Eyni zamanda Peşəkar Futbol Liqasının oyunla bağlı çəkilişi var.
Məlumat üçün bildirək ki, Peşəkar Futbol Liqasının 2023/2024-cü illər üçün əsasnaməsində bu cür halların tənzimlənməsi ilə bağlı bəndlər mövcuddur. Oyuna baş hakimin fikrincə futbolçuların, rəsmi şəxslərin və kənar şəxslərin müdaxiləsi varsa, matç yarımçıq dayandırıla bilər. Eyni zamanda vurğulamalıyıq ki, bu cür hallara görə yarımçıq dayandırılmış oyunlar yenidən keçirilmir. Oyunla bağlı müvafiq qərarların verilməsi, müvafiq şəxslərin raportlarına əsasən AFFA İntizam Komitəsinə həvalə olunur. PFL əsasnamənin tələblərinə uyğun olaraq bütün prosedurları həyata keçirir və lazımi sənədlər AFFA İntizam Komitəsinə həvalə olunur".
Oktyabrın 31-də keçirilən 2-ci liqanın "Göygöl" - "Şəki Siti" matçında qalmaqal baş verib.
83-cü dəqiqədə baş hakim Rövşən Rəcəbov oyunu dayandırıb. Buna meydan sahibi komandanın hakimə davamlı etirazları səbəb olub. Nəticədə R.Rəcəbov və köməkçiləri polişin müşayiəti ilə meydanı tərk edib. Oyun isə bərpa olunmayıb.
Bu zaman hesab 2:1 "Şəki Siti"nin xeyrinə olub. İkinci hissədə "Göygöl"ün 3 futbolçusu qırmızı vərəqə alıb. Həmçinin baş məşqçi Araz Mansurov da texniki zonadan uzaqlaşdırılıb.