“Yarışda iştrak edən komandaların davamiyyəti PFL üçün çox önəmlidir“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov deyib.
AFFA İntizam Komitəsi I Liqada çıxış edən "İrəvan"a 0:3 hesablı texniki məğlubiyyət verib.
Buna Qərbi Azərbaycan təmsilçisinin V turda "İmişli" ilə səfər oyununa çıxmaması səbəb olub. "İrəvan" həmçinin 400 manat cərimələnib.
Yeni yaranan klubun düşərgəsində vəziyyət qarışıqdır. Hər halda buradan yenə xoş xəbərlər gəlmir.
Əməkhaqlarının 4 aydır ödənilmədiyini iddia edən futbolçuların davamlı etirazı, ümumiyyətlə, "İrəvan"ın gələcəyini sual altına qoyub. Debütant növbət turda «Şamaxı» önünə çıxmasa, çempionatdan kənarlaşdırılacaq.
E.Abbasov mövcud vəziyyətlə bağlı bunları söyləyib:
"Biz bütün komandaların üzərlərinə düşən məsuliyyəti tam dərk etmələrini, həm ev, həm də səfər oyunlarına vaxtında getmələrini, eyni zamanda yarışın təşkilatı işləri ilə bağlı olan bütün tələbləri vaxtında və dolğun yerinə yetirilməsini arzulayırıq.
Amma bəzən istisna hallar da baş verir. Bir həftə öncə üzləşdiyimiz hadisə də bu istisnalardan biri idi.
Belə ki, “İmişli”, AFFA və PFL-in, yarışa birbaşa adiyyatı olan şəxslərin bütün lazımi prosedurları yerinə yetirməsinə baxmayaraq, “İrəvan” İmişli şəhər stadionuna getmədi.
Bizim üçün 18 oktyabr tarixi çox önəmlidir. Çünki oyunu bayram gününə təyin etmişdik ki, həm İmişli şəhərində bu mövsüm üçün ilk oyun idi, həm də çalışırdıq ki, azarkeşlərə bayram əhval-ruhiyyəsi yaşadaq.
Klubun oyuna getməməsi hadisəsi PFL tərəfindən təəssüf hissi ilə qarşılandı. “İrəvan” PFL-in yarışlarında iştrak edən komandadır, biz onlarla daimə əlaqədə oluruq.
Ümid edirəm ki, bu neqativ hal ən qısa zamanda aradan qaldırılacaq. Amma burada bizim istəyimizdən çox, klubun işə yanaşması önəmlidir.
Biz arzu edirik ki, onlar növbəti oyunlarda iştrak etsinlər və liqanı tam tərkibdə keçirə bilək. Amma bunun əksi də baş verə bilər,
“İrəvan” növbəti oyunlara gəlməsə, buna İntizam Komitəsində baxılacaq və müvafiq qərarlar qəbul olunacaq".

