Hesabat turunda “İmişli” ilə səfər matçına çıxmayan “İrəvan”ın qatarı relsdən çıxıb.
Futbolçular maaş və mükafatların verilməməsindən, klubun peşəkarlıqdan uzaq səviyyədə idarə olunmasından narazıdır.
Öncə Bakıda məşqə çıxmaqdan imtina etdilər, daha sonra İmişliyə yollanmağa “yox” dedilər.
Komanda üzvləri tələblərini rəhbərliyə irəli sürərək geri çəkilib. Şərtlər yerinə yetirilməyən günə qədər etirazlar davam edəcək.
“İrəvan”da narazılıq dalğasına qoşulmayan 3 nəfərdir. Bunlar Ruslan Hacıyev, Andrey Sinenka və Ege Atlam Adnandır.
Ruslan klubdan AFFA-ya şikayət etdiyinə görə məşqlərə qatılır ki, müraciətinə baxılanda klub ortaya əks arqument qoymasın.
Andreylə Ege “İrəvan”da legioner statusu ilə oynayır. Onların bu cür etiraza qoşulmasının bədəli ağır ola bilər. Klubun hər an beynəlxalq qurumlara şikayət edəcəyindən ehtiyat edən əcnəbilər məşqə çıxır.
Komandada yer alan digərləri şərtlər yerinə yetirilməyənə qədər nə məşq edəcək, nə də oyuna çıxacaq.
HƏBİB / SPORTİNFO.AZ

