Birinci liqada yeni mövsüm öz axarı ilə davam edir.
Bu həftə 5-ci tur arxada qaldı.
Turun surpriz nəticəsi Yevlaxda qeydə alınıb.
Çempionluğa iddialı “Karvan” doğma meydanda MOİK tərəfindən darmadağın olundu – 0:3.
Halbuki heyəti legionerlər və premyer liqa təcrübəsi olan futbolçularla zəngin olan bölgə klubu qələbəyə ən şanslı tərəf kimi görünürdü.
Amma Qəzənfər Abbasovun yetirmələri rəqibinə heç bir şans tanımayib.
Bu, MOİK-in liqadakı ilk qəhramanlığı deyil.
Komanda arxada qalan 5 turda hamını mat qoymaqla məşğuldur.
Belə ki, “hərbiçilər” daha əvvəl “İmişli”ni məğlub edibsə (1:0), digər iddialı “Şamaxı”dan bir xal qopara bilib – 3:3.
“Şirlərlə”lə oyunda da MOİK qələbəyə yaxın tərəf olub. Sadəcə hesabda iki dəfə önə çıxmasına baxmayaraq üstünlüyü sona kimi qorumağı bacarmayıb.
Kollektiv təkcə iddialılarla matçda adından söz etdirmir, elə digər matçlarda da özünü yaxşı tərəfdən göstərməyi bacarır.
Əbəs deyil ki, hazırda 11 xallı olan klub turnir cədvəlinə başçılıq edir.
Halbuki mövsümün əvvəli “İmişli”, “Karvan”, “Şamaxı” kimi büdcəsi daha geniş, heyəti daha zəngin olan klublar bu pilləyə əsas namizədlərdən hesab olunurdu.
İndi isə başqa mənzərə ilə üz-üzə qalmışıq.
Ordu klubu bütün proqnozları alt-üst etməklə məşğuldur. MOİK-in region klubları kimi heyəti, büdcəsi bir kənara, heç normal infrastrukturu belə yoxdur.
Klub məşqlərini və oyunlarını örtüyü bərbad durumda olan Binə qəsəbə stadionunda keçirir.
Təbii ki, belə şəraitsiz durumda rəhbərlik baş məşqçinin qarşısında ciddi hədəflər də qoymayıb.
Amma Qəzənfər Abbasov bütün çətinliklərə rəğmən hədəfləri böyük olan bölgə klublarına meydan oxumağa davam edir. Həm də özündən daha təcrübəli həmkarları ilə duellərdə.
Sona qədər uğurlu performansı davam etdirmək mümkün olacaqmı?
Bu sualın ən doğru cavabın zaman verəcək. Gözləyək...
XANOĞLAN / SPORTİNFO.AZ

