Azərbaycanda gündəm yaradan klubla bağlı BİABIRÇI FAKTLAR üzə çıxdı!

16 Oktyabr 2023 20:00 I Divizion 1 373
Azərbaycanda gündəm yaradan klubla bağlı BİABIRÇI FAKTLAR üzə çıxdı!

Birinci Liqanın liderində xaos yaşanır.

Yeni yaradılmış klubun rəhbərliyi götürdüyü öhdəliyi yerinə yetirmir. Daha doğrusu, yetirə bilmir.

İyunda bir araya gələn komandanın üzvləri pul üzünə həsrətdir. Problem təkcə maliyyədə olsaydı, hardasa göz yummaq olardı. Lakin narazılığın kökü başqa yerlərə gedib çıxır.

Çətinliklərə sinə gərməkdən bezən futbolçular oktyabrın 15-də komandanın məşqini boykot etməklə diqqət çəkdi.

Əlaqə saxladığımız futbolçulardan biri klubda yaşanan biabırçı faktları bir-bir nəql etsə də, adının çəkilməməsini xahiş etdi:

“Pul məsələsi öz yerində. Amma dərdimiz təkcə maliyyə deyil axı.

Klub rəhbərliyi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Sadə bir şey deyim. Futbolçuların heç biri tibbi baxışdan keçməyib. Gedib poliklinikadan hamının adına sənəd aldılar ki, oyuna çıxa bilək.

Bilmirik, bəlkə də kiminsə ürəyində xəstəlik var. Sabah nəsə olsa, kim cavab verəcək? Tibbi baxışdan keçmədən necə sənəd almaq olar?

Bundan başqa, zədəli futbolçulara yaxın duran yoxdur. Asim Əlizadə “İrəvan”ın heyətində ağır zədə alıb, ayağında sınıq var. Müalicə almalıdır, sonra da əməliyyat olunmalıdır.

Heç kim yaxın durmur deyə, Asim məcbur qalıb komandadakı futbolçulardan birinin atasının çalışdığı klinikada müalicə alır. Bir adam çıxıb demir ki, filan vaxt əməliyyat edəcəyik.

Həkimin çantasına baxırsan, bir dənə hərarət ölçən yoxdur. Qızdırma ilə gəlirsən, həkim hərarətini ölçə bilmir. Hər ay həkim dəyişirlər. Birini gətirib işlədirlər, pulunu vermirlər, çııxıb gedir. Sonra o biri gəlir, o da gedir”.

Anonim şəxs faktları sadaladıqca əlimiz ağzımızda qaldı. Birinci Liqada mübarizə aparan, növbəti mövsüm üçün Premyer Liqanı hədəf seçən, məşqçilər heyətinə Nazim Süleymanovla Aleksandr Jidkov kimi tanınmışları gətirən klub-komanda Region Liqasının iştirakçılarının durumundadır.

Deyilənləri dinlədikcə deməyə söz tapmaq olmurdu:

“Forma dəsti verilməyib. Havalar soyuyub, nə gödəkçəmiz var, nə qış dəstimiz - əlcək, papaq. Hamı öz forması ilə gəlib-gedir. Soruşursan, deyirlər, özünüz alın, pul olanda qaytaracağıq. Bu qədər şeyi görəndən sonra uşaqlar məşqə çıxmamağı qərara aldı.

İyundan bu yana məşq edirik. 4 ayda ən çox pul görən 1000 manat alıb. Elə uşaqlar var ki, heç 1000 manatı da almayıb, 4 ayda 500-700 manat görüb. Məşq və oyunlarda zədə alan futbolçulara ümumiyyətlə pul verilməyib.

Sənədlərimizi, ASAN-imzalarımızı yığıblar, “vergi”dən hamımıza mesaj gəlib ki, üçüncü rübün hesabatını aparın. Ödəməsək cərimələnəcəyik. Heç bu işi də həll edən yoxdur.

Gələndə hamıya şirin vədlər vermişdilər ki, adına görə tarixi klubdur, elə olacaq, belə olacaq. Heyf komandadakı futbolçulara. Hamısı Premyer Liqada oynayacaq uşaqlardır. Başımızı aldadıb yığdılar komandaya”.

“İrəvan” 4 turdan sonra topladığı 10 xalla Birinci Liqanın turnir cədvəlinə liderlik edir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 May 11:30 Gəlin, TANIDAQ!