“Bilirsiz ki, bu ildən Əvəzedicilər Liqası ilə I Liqa yarışları ayrı-ayrılıqda keçiriləcık.
I Liqada 10 komandanın iştirakı nəzərdə tutulub və coğrafiya genişlənib”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Elgiz Abbasov deyib.
O I Liqa təmsilçilərinin rəhbər şəxsləri ilə keçirilən 3 saatlıq son toplantının kifayət qədər səmərəli alındığını bildirib:
“Biz bəzi klubları yerində ziyarət etmişik. Peşəkar Futbol Liqası olaraq qərar verdik ki, I Liqa, eləcə də yaxın günlərdə II Liqa klublarını da dinləyək, onlarla görüşək, qarşılaşdıqları problemləri daha dərindən bilək, müzakirəyə açıq məsələləri müzakirə edək və ya yaranacaq sualları cavablandıraq.
Bu yöndə ilk görüş avqustun 7-də AFFA-da keçirildi. Birinci Liqada iştrak edəcək 10 klubun rəhbər şəxsləri qonağımız idi, 3 saata yaxın müzakirələrimiz oldu.
Müzakirəmiz ümumilikdə 3 hissədən ibarət idi. Birinci hissədə PFL və klublar arasında ümumi infrastruktur, liqa, yarışların təqvimi, toplar və bu tip texniki -idman məsələləri müzakirə oldu.
İkinci hissədə AFFA Lisenziyalaşma Qrupunun rəhbəri Elçin Məmmədovun çıxışı oldu.
Bildiyimiz kimi, 2024-25-ci illər mösümündən etibarən, I Liqa klublarının da lisenziyalaşdırılması mərhələsi başlayacaq.
Daha sonra üçüncü mərhələdə AFFA-nın baş mühasibi Xalid Cavadov və maliyyə eksperti Bəhram Dadaşov klublara dövlət tərəfindən ayrılacaq maddi yardımın detalları ilə bağlı məlumat verdi.
Düşünürük ki, bu görüş hər iki tərəf üçün səmərəli oldu. Qarşı tərəfin fikirlərini dinlədik. Klubların münasibətlərini daha yaxşılaşdırılması baxımından bu görüşün vacib olduğunu hesab edirik.
Əsas vurğuladığımız məsələ infrastrukdurla bağlı idi. Bilirsiniz ki, “Karvan” Yevlax stadionu ilə bağlı ciddi işlər görüb.
Eyni zamanda, digər stadionlarda, məsələn, Saatlıda müəyyən işlər həyata keçirilib. Ağsu şəhərinə verilən tələblər yerinə yetirilib.
Təbii ki, elə stadionlar var ki, onun vəziyyətindən razı deyilik.
Misal olaraq, Lökbatan Olimpiya İdman Kompleksinin stadionunun qazonunun dəyişdirilməsi ilə bağlı “Qaradağ Lökbatan”a təlimatlar vermişik, onlar da öz növbəsində müəyyən addımlar atırlar.
Bundan əlavə, digər bütün detallar rəhbərlərin diqqətinə çatdırıldı. Hansı ki, ötən ildən qeydlərimiz var idi.
Yuxarıda da qeyd edildiyi kimi, inzibati, idman, infrastruktur, kadr, rəhbər məsələlərinə aiddir.
Həmçinin danışılmış oyunlarla bağlı mübarizənin daha da sərtləşdiyini və bizə təmiz idman prinsipləri əsasında keçiriləcək liqanın lazım olduğunu bildirdik və bu məsələlərdə klubların məşqçiləri, futbolçuları və ümumi heyəti ilə təlim-tərbiyə söhbətləri aparması tövsiyə olundu.
Bundan əlavə, I Liqada iştirak eədəcək klubların mütləq şəkildə aşağı yaş qrupları üzrə komandasının olmasını bir daha xatırlatdıq.
Eləcə də klublara legioner seçimləri zamanı diqqətli olmağının vacibliyini bildirdik. Onlara bir daha xatırlatdıq ki, I Liqa klubu ancaq peşəkar statuslu legionerlərlə müqavilə imzalaya bilər.
Ümumilikdə yaxşı görüş oldu və hesab edirik ki, klublar da bir sıra suallarına cavab tapdılar”.

