«Klubu rayona köçürsək də, artıq bir sıra mühüm işlər görmüşük».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin prezidenti Asəf Məlikov deyib.
Növbəti mövsümdən I Liqada mübarizə aparacaq «Difai» Ağsuda uşaq futbolunun inkişafı etdirilməsi istiqamətində konkret adımlar atmağa başlayıb.
Bu rayonun təmsilçisi olaraq peşəkar statuslu çempionatda ilk dəfə yarışacaq klubun rəhbərliyi aşağı yaş qrupları üzrə komandaların formalaşdırılmasına start verib.
«Difai»nin prezidenti Asəf Məlikov bu məsələni şəxsi nəzarətinə götürüb və onun göstərişi ilə Ramin Nəsibov «alt yapı»nın baş məşqçisi təyin edilib:
«Peşəkar Futbol Liqasının birinci liqada iştirakla bağlı müəyyən tələbləri var. Onlarla tanışıq və icrasına başlamışıq.
Eyni zamanda, uşaq futboluna da ciddi diqqət göstəririk. Artıq dörd yaş qrupu üzrə komandanın formalaşdırılmasına start vermişik.
Ağsuda futbolu çox sevirlər. Bir müddətdir buradayıq və rayon camaatının futbola necə böyük həvəs göstərdiyini görürük.
Burada xeyli istedadlı uşaq var və məqsədimiz onları bu idman növünə gətirmək, get-gedə yaş qruplarının sayını artırmaqdır.
Ramin Nəsibov Mingəçevirdən olsa da, neçə ildir Ağsuda çalışır və yerli potensiala bələddir. Bu səbəbdən ona yeni vəzifə tapşırdıq.
Bilirsiz, hər bir klub təmsilçisi olduğu şəhərin, rayonun insanını öznnə doğma bilməlidir, ona yaxın olmalıdır.
Ağsuya yeni köçmüşük və bəzi fikirlər var idi ki, bəlkə uşaq komandalarını Bakıda yaradaq? Mən bu təklifi qəbul etmədim və dedim ki, Ağsuda oynayacağıqsa, akademiyamız da orada olmalıdır.
Rayon son bir neçə ildə peşəkar çempionatda təmsil olunmayıb. Arada bir boşluq yaranıb.
Bizim məqsədimiz Ağsunun adını futbolda yenidən qaldırmaq, rayonun idman həyatını canlandırmaqdır.
İnanıram ki, AFFA və PFL-in, rayonun İcra Hakimiyyətinin, yerli idman ictimaiyyətinin, azarkeşlərin dəstəyi sayəsində qarşımıza qoyduğumuz hədəfə çatacağıq».

