Birinci Liqada iştirak imkanı qazanan “İrəvan”ın avazı yaxşı gəlir.
Qarşısında ən qısa müddətdə Premyer Liqada yer almaq məqsədi dayanan xanlıq klubu transferlərə əməlli büdcə ayırıb.
Elitada iş yeri tapa bilməyən təcrübəlilərin əksəriyyətinin sorağı “İrəvan”dan gəlir.
Yenilərin arasında uzun illər Premyer Liqada çıxış etmiş qardaşlar – Mirsahib və Mirabdulla Abbasovlar da var. Mirsahib klub rəsmilərinə tam razılıq verərək məşqlərə qoşulubsa, Mirabdulla düşünmək üçün vaxt istəyib.
Sabiq “Neftçi”li karyerasını yüksək dəstədə davam etdirməkdə maraqlıdır. Ancaq bir şərtlə, həmin klub paytaxtı təmsil etməlidir.
Ailə vəziyyətinə görə bölgəyə yollanmaq istəməyən 28 yaşlı hücumçu bir müddət öncə “Kəpəz”in təklifini geri çevirib.
Elitanın paytaxt təmsilçilərindən dəvət yoxdur deyə, “İrəvan”a “hə” deyəcəyi şübhə doğurmur.
“İrəvan” hazırda Birinci Liqada futbolçulara ən çox maaş təklif edən klubdur.
HƏBİB / SPORTİNFO.AZ

