«AFFA-nın İcraiyyə Komitəsinin qərarı bütün «Difai» ailəsini sevindirdi».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin prezidenti Asəf Məlikov deyib.
Məlum olduğu kimi, federasiya dünən I Divizionun növbəti mövsümü ilə bağlı qərar verib. İcraiyyə Komitəsi birinci dəstədə mübarizə aparacaq yeni komandaların adını açıqlayıb.
Region Liqasından cəlb olunan iştirakçıları arasında «Difai» də var. II Qarabağ Müharibəsinin iştirakçıları və qazilərinin doğma klubu bundan sonra peşəkar statuslu çempionatda özünü göstərməyə çalışacaq.
«Difai»nin bu yerlərə gəlib çatmasında Asəf Məlikovun böyük əziyyəti var. Onun yaradılması və formalaşmasında zəhmət çəkən I Qarabağ Müharibəsinin qazisi indi bunun bəhrəsini görmək niyyətindədir:
«Klub 2022-ci ilin noyabr ayında I Divizionda iştirak etmək üçün AFFA-ya müraciət etmişdi. O zaman federasiya tərəfindən klublar qarşısına qoyulmuş 11 bəndlik şərtdən 10-nu tərəfimizdən yerinə yetirilirdi.
Yeganə problem Region Liqasında 3 il ardıcıl iştirak idi. Cari ilin mart ayında İcraiyyə Komitəsinin iclasında həmin bənd ləğv edilməsi futbolun inkişafı istiqamətində atılmış böyük addım oldu.
Komitənin dünənki qərarı bizi sevindirməklə yanaşı, üzərimizdəki məsuliyyəti bir qədər də artırdı.
«Difai» müqəddəs addır. Azərbaycanın ictimai-siyasi həyatında böyük rolu olub. Bu təşkilat fəaliyyət göstərdiyi illərdə daim xalqımızın mənafeyini qoruyub, onun üçün çəkib.
Biz də eyniadlı futbol klubu olaraq istəyirik ki, futbolumuza xidmət edək. AFFA və PFL rəhbərliyinə gördüyümüz işlərə verdikləri qiymət və göstərdikləri etimada görə təşəkkür edirik.
Çalışacağıq ki, onların etimadını doğruldaq və gücümüz çatdığı qədər futbola yeni nəfəs gətirək. Adını çəkdiyim hər iki təşkilatın rəhbərliyi bu idman növünün inkişafı üçün bütün addımları atır.
İstər AFFA, istərsə də PFL rəhbərliyində ləyaqətli və düzgün insanlar təmsil olunur.
Deyim ki, «Difai» ötən 1 il ərzində çox püxtələşdi və peşəkarlıq yolunda irəliləyiş əldə etdi.
Bu səbəbdən başda klubun icraçı direktoru Samir Ələkbərli olmaqla, məşqçilər Aydın Qasımov və Paşa Əliyevə, həkim Tale Bəşirova, bütün futbolçularımıza təşəkkürümü bildirirəm.
Çempionluq və Premyer Liqa istiqamətində birgə addımlamaq üçün hazır olmalarını arzu edirəm».
Gördüyümüz işlər daim mətbuatda işıqlandırılıb. Bu səbəbdən, bizə dəstək olmuş bütün media qurumları və əməkdaşlarına bir daha öz dərin təşəkkürümüzü bildiririk».

