II Qarabağ Müharibəsi iştirakçıları və qaziləri tərəfindən yaradılan “Difai“ Region Liqasında debüt edib.
İlk mövsümündə uğurlu çıxışıyla yadda qalan klub AFFA-nın yaratdığı yeni imkandan faydalanmaq niyyətindədir.
Belə ki, Vətən savaşından çıxmış gəncləri sıralarına qatmış komanda növbəti mövsüm I Divizionda mübarizə aparmaq iddiasındadır.
Region Liqasından birinci dəstəyə yön almaq istəyən “Difai“ federasiyanın irəli sürdüyü şərtləri yerinə yetirməyə hazırdır.
Bu barədə Sportinfo.az-a açıqlamasında “Difai“nin prezidenti Asəf Məlikov deyib.
Onun fikrincə, I Diviziona qatılmaq istəyən klubların ən azı 3 amili yerinə yetirməsi nəzərə alınmalıdır:
“Birinci - Region Liqasında iştirak performansı. İkinci - Region Liqasında iştirak zamanı qurulmuş struktur, kadr siyasəti, məşqçi korpusu, rol bölgüsü.
Üçüncü - I Divizionda iştirakı zamanı ona əlavə maddi dəstək verəcək təşkilatın mövcudluğu.
“Difai” olaraq, bu tələbləri yerinə yetirmək qabiliyyətində olduğumuzu irəli sürmüşük. Hələ 2022-ci ilin dekabr ayında AFFA rəhbərliyinə I Divizionda iştirak üçün müraciət etmişik.
2022/2023-cü il mövsümünün II dövrəsindən başlayaraq, bölgə komandası olaraq fəaliyyətimizi davam etdiririk.
Bu gün bir neçə stadionu mövsud olan (o cümlədən, təmirə ehtiyacı olanlar da daxil) bölgələr ilə danışıqlar aparıb, razılıq əldə etmişik.
Düşünürük ki, bu amillər yekun qərar verilən zaman nəzərə alınacaq“.

