
Növbəti mövsüm I Divizionda mübarizə aparacaq yeni klublardan biri dəqiqləşib.
Region Liqasında üçüncü mövsümünü keçirən «Karvan» birinci dəstədə qüvvəsini sınayacaq.
Yevlax təmsilçisinin baza və infrastrukturunun olması AFFA-nı belə bir qərar verməyə ürəkləndirib.
2004-cü ildə yaradılan «Karvan» güclülər dəstəsinin gümüş medalçısıdır. UEFA Kubokunda mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Yunis Hüseynovun çalışdırdığı komanda 2005-ci ildə «Spartak»a (Trnava) hər iki oyunda 1:0 hesabıyla qalib gəlib.
2009-cu ildə elitadan çəkilən «Karvan» daha sonra müəyyən fasilələrlə birinci dəstədə çıxış edib.
Altı il fəaliyyət göstərməyən Yevlax təmsilçisi yalnız Kənan Kərimovun sayəsində futbol ailəsinə dönüb. Hazırda da komandanın çalışdırıcısı odur.
SPORTİNFO.AZ