«Hər ötən həftə məqsədimizə çatmaq yolunda bir addım atırıq».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın baş məşqçisi Azər Bağırov deyib.
Muxtar Respublika təmsilçisi I Divizionda liderliyini davam etdirir. 18 tura 44 xal toplayan bölgə komandası ən yaxın rəqibi olan «Neftçi-2»ni 10 xal qabaqlayır.
«Ağ-qırmızılar»ın çalışdırıcısı çempion olmaq və Premyer Liqaya vəsiqə qazanmaq istədiklərini bildirib:
«Bütün fikrimizi bu məsələlərə vermişik. Biz öz işimizdəyik və nəticələrə cavabdehik. Komanda qələbələr qazanırsa, deməli, hər şey öz yolundadır.
Rəhbərliyə gəlincə, onlar AFFA ilə həmişə əlaqədədir. Lisenziyalaşdırma şərtlərini yerinə yetirməyə çalışırlar ki, gələn mövsüm Premyer Liqada olaq.
Bütün tələbləri yerinə yetirə biləcəyimizi düşünürəm. Yeganə problem stadionla bağlıdır. Qazon dəyişməlidir. Böyük ehtimalla, burada süni qazon quraşdırılacaq.
Hazırkı təbii meydançanın vəziyyəti yaxşı deyil. Buranı söküb yenisini salmaq isə xeyli çəkəcək.
Vaxt isə yoxdur, bir neçə ayın içində problem tamamilə aradan qaldırılmalıdır.
Hazırda klubun rəhbərliyi bir neçə şirkətlə danışıqlar aparır və qiymət çıxarır. Hansı şirkətin qiyməti uyğun gəlsə, o da gəlib qazonu dəyişəcək».

