«Araz Saatlı» AFFA tərəfindən cərimələnib.
Federasiya bu mövsümün sonunda II Liqanı tərk edən klubu təsadüfən cəzalandırmayıb.
Səbəb onların Asim İbrpahimov qarşısında götürdüyü öhdəliyi yerinə yetirməməsidir. Belə ki, aranlılar 2025-ci ildə baş məşqçi postuna gətirdiyi mütəxəssislə müqaviləni birtərəfli qaydada pozub, amma təzminat ödəməyib.
Bir ara MOİK-də çalışmış İbrahimov AFFA-ya müraciət edərək, klubdan şikayətlənib. Aylıq 2000 manat maaş qarşılığında 2 illik kontrakta imza atdığını bildirərək, ona çatacaq pulun tam şəkildə ödənilməsi məsələsini qaldırıb.
AFFA sənədləri araşdırıb və ötən ilin noyabrında qərar çıxarıb. Həmin qərara əsasən, qurum kluba maliyyə yardımını (5800 manat) dayandırıb.
Həmin vəsait «Araz»ın adından İbrahimova ödənilib. Beləcə, sonuncunun hesabına 34800 manat köçürülüb.
AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Axundov bildirib ki, Asim İbrahimovla “Araz-Saatlı” arasında yaranmış mübahisədən sonra tərəflər bir neçə dəfə federasiya tərəfindən danışıqlara dəvət olunub, razılığın əldə olunması üçün bütün imkanlar yaradılıb.
Lakin aparılan müzakirələr heç bir nəticə verməyib.
Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarının icra olunmaması ilə bağlı 25 avqust 2025-ci il tarixində “Araz-Saatlı” klubuna rəsmi xəbərdarlıq göndərilib.
Lakin bu xəbərdarlıq nəzərə alınmayıb və 16 oktyabr 2025-ci ildə klub 1000 manat məbləğində cərimələnib. Buna baxmayaraq, öhdəliklər hələ də yerinə yetirilməyib.
AFFA ilə klub arasında mövcud müqaviləyə əsasən, bu kimi hallarda ayrılan vəsait klubun AFFA, PFL və digər qurumlara olan borclarının ödənilməsinə yönəldilə bilər.
Bu mexanizm qəbul olunmuş qərarların faktiki icrasını təmin etmək məqsədi daşıyır.
Eyni zamanda, qərarların icrası futbol sistemində intizamın qorunması, oyunçuların və digər tərəflərin hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Əks halda, bu cür hallar sistemli problemlərə və rəqabət mühitinin pozulmasına səbəb ola bilər”.
Axundov bildirib ki, AFFA qərar qəbul edərkən hüquqi müəyyənlik, müqavilə öhdəliklərinə riayət olunması, tərəflərin hüquqlarının qorunması və futbol sistemində sabitliyin təmin edilməsi prinsiplərini əsas götürür:
“Qəbul edilmiş qərarların icrası qurum üçün əsas prioritetlərdən biridir. Bu yanaşma futbol mühitində hüquqi intizamın və etimadın qorunmasına xidmət edir.
Əks halda, qərarların icra olunmaması mənfi presedentlərin yaranmasına gətirib çıxara bilər. Bu məsələ AFFA ilə klub arasında daxili hüquqi münasibətlər çərçivəsində tənzimlənir və birbaşa UEFA-nın maliyyə mexanizmlərinə aid deyil.
Məsələnin beynəlxalq müstəviyə çıxarılması onun hüquqi mahiyyətini dəyişmir. AFFA mövcud qaydalara uyğun olaraq öhdəliklərin icrasını təmin etmək, hüquqi müəyyənliyi qorumaq və tərəflərin hüquqlarını balanslı şəkildə müdafiə etmək mövqeyində qalır”
SPORTİNFO.AZ
ÖLKƏ FUTBOLU