"Kiçik derbi", böyük dəstək və əla geridönüş

9 Mart 2022 23:40 I Divizion 948
"Kiçik derbi", böyük dəstək və əla geridönüş

Bu gün Azərbaycan Birinci Divizonunda 17-ci tura yekun vurulub.

Maraqlı qarşılaşmalardan biri "Neftçi" və "Qarabağ"ın əvəzedici komandaları arasında baş tutub.

Buna həm də "kiçik derbi" demək olar. Matç "Neftçi-2"nin üstünlüyü ilə start götürüb. Bunun nəticəsi olaraq meydan sahibləri Əli Sadıxovun erkən qolu ilə hesabda önə keçib. İlk hissə bu hesabla da başa çatıb.

Amma "atlılar" ikinci yarıya tam fərqli sürətlə başlayıblar. Bunun nəticəsi olaraq 10 dəqiqədə 2 qol vurmaqla möhtəşəm geridönüş etməyi bacarıblar. Qonaqların əzmkarlığında fanatların da rolu az olmayıb.

Belə ki, "Qarabağ"ın "İmarət" azarkeş qrupu əvəzedici komandanı əzəli rəqiblə matçda yalnız buraxmayıb. Əbəs deyil ki, vurulan hər iki qol da məhz fanatların oturduğu tribuna olan cinahdan qurulan hücum sonrası vurulub.

Düzdü, azarkeş qrupu əsas komandanın oyunundakı qədər izdihamlı deyildi. Amma aşağı liqa üçün yetərindən artıq sayda üzvlə tribunada yer almağı bacarmışdı.

90 dəqiqə susmayan fanatları sonda sevimli komandaları qələbə ilə sevindirə bilib. Ən sonda isə futbolçular azarkeş qrupuna yaxınlaşaraq təşəkkür edib və xatirə fotosu çəkdirməyi də unutmayıblar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti