Birinci Divizionun lideri "Qaradağ Lökbatan"ın kapitanı Sabir Allahquliyev Sportinfo.az-a açıqlama verib.
Təcrübəli oyunçu komandasının hazırkı durumu və növbəti mövsüm Premyer Liqada oynamaq perespektivlərindən danışıb: "Keçən il autsayderlər arasındaydıq. Amma indi çox yaxşı komandamız var. Bunun nəticəsi olaraq hazırda liderik. Düzdü, çempionluq şansımız var və buna iddialıyıq. Amma çempionatın yarısı hələ qalır. Qarşıda çox oyunlarımız var.
Çempion olub Premyer Liqaya yüksəlmək məsələsinə gəlincə, bunun üçün bəzi tələblər var. Həmin tələblər yerinə yetirilməsə lisenziya verilmir. Bu isə daha çox rəhbərliyə aid olan məsələdir. Bizim işimiz bütün gücümüzlə qarşıdakı matçlara köklənməkdir.
Sabir hazırda 12 qolla çempionatının ən qolçu futbolçusudur. Maraqlıdır, ona Premyer Liqa klublarından maraq göstərən, təklif göndərən olubmu?
Bombardiri dinləyək: "Bombardir olmağımda bütün komandanın əməyi var. Yalandan deyə bilmərəm ki, Premyer Liqadan hansısa təklif almışam. Bu, doğru olmaz. Ancaq qarşıda hələ zaman var. İndiki durumda məqsədim daha çox qol vurmaq və komandama kömək etməkdir".
XANOĞLAN

