"Kəpəz"i özünüz yaşadın, odun içinə atmayın, təhlükə qapıdadır!

2 Mart 2022 10:40 I Divizion 1 132
"Kəpəz"i özünüz yaşadın, odun içinə atmayın, təhlükə qapıdadır!

Elxan Məmmədov 3 aydan sonra yenidən Gəncədə olub.

Gəlib, stadiona baxıb, icra başçısı ilə görüşüb, 7/7 ölçülü süni meydançanın açılışında iştirak edib və geri qayıdıb.

Adam orada bir açıqlama verib, amma deməyib ki, «Kəpəz» növbəti mövsüm Premyer Liqanın yeni iştirakçıları arasında yer alacaq, ya yox.

Bu barədə sualın ətrafında dolaşıb, dolayısı ilə bildirməklə kifayətlənib ki, «Kəpəz» lisenziyalaşdırma tələbləriylə bağlı AFFA-ya müraciət edib.

Hamımız istəyirik ki, Premyer Liqada klub sayı artsın. Onu da istəyirik ki, «Kəpəz» orada olsun. Elxan Məmmədov futbolda təsadüfi biridir, gəldi-gedərdi.

Bir gün necə gəlibsə, bir gün də elə o cür gedəcək. Hələlik «day-day» hesabına duruş göstərir, lakin axırı yoxdu bu dirənişin.

Sonu var bu serialın.

«Kəpəz» sonuncu dəfə 2017/2018-ci il mövsümündə Premyer Liqada çıxış edib. Bu klubun illərdir Divizionda gün keçirməsi Elxan Məmmədovun «xidməti»dir.

Adamlarının «Kəpəz»dən maliyyə maxinasiyalarına görə uzaqlaşdırılmasının acığını Gəncə futbolsevərlərindən çıxdı.

Bura təhkim etdiyi şəxslərin fırıldaqlarının üstü açılmasından necə pis oldusa, sonradan elə şərait yaratdı, Gəncənin ovaxtkı İcra Hakimiyyəti də «Kəpəz»in arxasında dayanmadı və Divizionun yolu göründü.

Gəncədə stadionda yenidənqurma işlərininə hazırlığın görülməsi, yeni meydançaların açılışı müsbət haldır. Ardı gəlsin, dayanmasın.

Təhlükəli hal Elxan Məmmədovun «Kəpəz»i yenidən öz «kruq»undan kimsə tapşırmaq istəyində olmasıdır.

İdarəçilik icraçı vitse-prezidentə bağlı personalardan birinə tapşırılsa, «Kəpəz»i böyük görməyi arzulayanların xəyalları isti suda buxarlanacaq.

Yerli İcra Hakimiyyəti, şəhərin aiddiyatlı dövlət qurumları, futbol ictimaiyyəti bu mümkün planı önləməli, bir addım önə çıxmalıdır. «Kəpəz»in növbəti dəfə fiaskoyaya uğramaması naminə!

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti