«Əvvəl o qədər də inanmırdım, indi hardasa məndə əminlik yaranıb ki, bu dəfə Premyer Liqada klub sayı artırılacaq».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.
AFFA İcraiyyə Komitəsinin növbəti mövsümdən Premyer Liqada 10 klubun iştirakına dair verdiyi qərarı şərh edən I Divizion təmsilçisinin rəhbəri «Zaqatala»nı da yeni iştirakçıları arasında görür:
«Reallığa baxsaq, ən hazır klub bizik. Bazamız, stadionumuz, azarkeşimiz – bir sözlə, Premyer Liqa üçün hər şeyimiz var.
Stadionda müəyyən qədər kosmetik təmir aparılsa, heç bir problem qalmaz. Bu rejionda həmişə futbol olub.
Hələ ötən əsrin ortalarından etibarən burada klublar fəaliyyət göstərib. Sovet vaxtı Azərbaycanda futbolçu yetişdirən iki region olubsa,biri Qax-Zaqatala olub.
Açığı, mən istərdim ki, AFFA 10 klubla kifayətlənməsin, sayı 12-yə çatdırsın və burada bütün bölgələr təmsil olunsun. Fərq qoymaq lazım deyil.
Qusar, Quba, İmişli, Şəmkir, Mingəçevir kimi futbol ənənəsi olan rayonlar da Premyer Liqaya qayıtmalıdır. İnkişaf istəyiriksə, üstünlük bölgələrə verilməlidir.
Lisenziyalaşdırma ilə bağlı şərtlər, əslində, nisbidir. Çünki klubların böyük əksəriyyəti elə AFFA tərəfindən maliyyələşdirilir.
Premyer Liqada iştirak etmək istəyən Divizion klublarının qarşısını kəsən əsas problem maliyyə öhdəliyi ilə bağlıdır.
«Zaqatala» neçə ildir Divizionda mübarizə aparır və bu müddətdə o qədər iş adamına müraciət etmişik ki… Biri də kluba sponsor olmaq istəyirik.
Bizim bütün cəhdlərimiz əbəsdir. Dövlət və AFFA bu işə əl qoymasa, heç bir klub öz gücünə sponsor tapa bilməyəcək. Görürsüz ki, məsələ yenə gəlib AFFA-ya çıxır.
Federasiya hansı klubu istəsə, ona da büdcə ayıracaq və deyəcək ki, gəl Premyer Liqaya. İndi hamı «Turan» və «Kəpəz»dən danışır, heç «Zaqatala»nın adını çəkən yoxdur. Bu da məni və komandamızda olan hər kəsi narahat edir, ruhdan salır".

