AFFA Naxçıvan Futbol Federasiyasına yeni təklif verib.
Qurum “Araz-Naxçıvan”ı I Divizionda iştiraka dəvət edib.
Muxtar Respublika təmsilçisi növbəti mövsüm bu yarışda qüvvəsini qinamağa razılıq versə, AFFA-dan maliyyə dəstəyi alacaq.
Danışıqlar müsbət yekunlaşsa, kluba 1 milyon manatadək vəsait ayrılması gözlənilir.
"Araz"ın əsası 1967-ci ildə qoyulub. Naxçıvan təmsilçisi 1968-ci ildə SSSR-nin "B" qrup çempionatında çıxış edib. 1977-1989-cu illər arasında fasilələrlə "A" qrupunda çıxış edən "Araz"ın ilk məşqçisi Tofiq Axundov olub.
2001-ci ildə "Araz" yenidən bərpa olundu və müstəqil Azərbaycan çempionatında çıxış etməyə başlayıb. Ancaq komandanın bu dirçəlişi də uzun sürməyib.
2002-ci ildə müəyyən səbəblərə görə komanda fəaliyyətini dayandırıb. 12 illik fasilədən sonra Naxçıvan yenidən böyük futbola qayıdıb.
Bu dəfə komandanın adı dəyişdirilərək, "Araz-Naxçıvan" qoyulub. 2013-cü ilin iyun ayında sükan arxasına Əsgər Abdullayev əyləşdirilib və "qırmızı-ağlar" Azərbaycan I Divizionunun 2013/14 mövsümündə iştirak etmək hüququ qazanıb.
2014/2015 mövsümündə isə buranın çempionu kimi Azərbaycan Premyer Liqasına qatılıb, lakin mövsümün əvvəlində çıxışını yarımçıq dayandırıb. Davamlı olaraq hakim qərəzinə məruz qaldıqlarını açıqlayaraq.
"Araz-Naxçıvan" son 3 mövsümü Naxçıvan Muxtar Respublika çempionatında keçirir və bu illər ərzində muxtar respublikada keçirilən "Heydər Əliyev Kuboku"-nun 2 dəfə, Naxçıvan Muxtar Respublika çempionatının 3 dəfə qalibi olub.
Bir dəfə isə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyev Kuboku" turnirinin bürünc mükafatını qazanıb.
SPORTİNFO.AZ

