“Kəpəz”in uşaq futbolunun koordinatoru İlham Səmədov aşağı yaş qruplarından ibarət komandalarda çalışan məşqçilər ilə görüş keçirib.
Sportinfo.az xəbər verir ki, görüşdə cari futbol mövsümünün qış fasiləsinə kimi olan hissəsində komandaların çıxışı təhlil edilib, nəticələr müzakirə olunub.
”Futbolu bilmək kifayət deyil, öyrətməyi də bacarmaq lazımdır” deyən İlham Səmədov bu istiqamətdə məşqçilərin daim öz üzərlərində işləməli olduqlarını bildirib.
Təcrübəli uşaq futbol məşqçisi hazırkı vəziyyətdə qarşıda duran əsas vəzifənin klubda uşaq futbolunun səviyyəsini qaldırmaqdan və əsas komanda üçün layiqli futbolçu yetişdirməkdən ibarət olduğunu vurğulayıb.
Tikintisi davam edən Gəncə Futbol Akademiyasının da gələcəkdə bu məqsədə xidmət edəcəyini əlavə edib.
Görüşdə çıxış edən məşqçilər klubda uşaq futbolunun inkişafı yönündə təkliflərini dilə gətiriblər.
“Kəpəz”in tərkibində fəaliyyət göstərən U-11, U-12, U-13, U-14, U-15 və U-17 komandaları müvafiq yaş qrupları üzrə birinciliklərdə çıxışlarını davam etdirirlər.

