AFFA razılıq verdi, “Turan”a yeni rəhbər təyin olundu

13 Mart 2021 18:00 I Divizion 1 564
AFFA razılıq verdi, “Turan”a yeni rəhbər təyin olundu

"Daha Tovuzda heç kim övladını futbola getməyə qoymur".

Bu sözlər tovuzlu məşqçilərdən birinə aiddir.

3 il əvvəl Tovuzda uşaq futbolunun vəziyyəti ilə maraqlananda həmin məşqçi uşaq çatışmazlığından, oyunlara futbolçu tapmadığından gileylənərək, artıq, valideynlərin övladlarını futboldan uşaqlaşdırdıqlarını söyləmişdi.

Həqiqətən, həmin vaxt rayonda futbol adına mənzərə acınacaqlı idi. "Turan Tovuz"un futbol akademiyasında 3-4 yaş qrupu üzrə məşqlər keçirilsə də, futbolçu yetişdirmək sarıdan, nəticə baxımından uğur əldə olunmurdu.

Aşağı yaş qrupu komandaları liqalarda iştirak xatirinə iştirak edirdilər. Çətinliklərə rəğmən barmaqla sayılası qədər istedadlı futbolçular üzə çıxırdı ki, onlar da Qəbələyə və Bakıya - daha yaxşı şəraitli akademiyalara üz tuturdular.

Təsadüfi deyil ki, son bir neçə ildə Tovuzda Premyer Liqa səviyyəsində adi bir futbolçu belə yetişməyib. 3 il əvvəl vəziyyətin düzələcəyinə heç kimdə inam yox idi. İndi isə...

Deyəsən, Tovuz futbolunda yavaş-yavaş dirçəliş hiss olunur. Yanvarda "Turan Tovuz" Futbol Akademiyasının istifadəyə verilməsi nəinki Tovuzda, eyni zamanda, qərb bölgəsində futbolun inkişafı baxımından əhəmiyyətli bir addımdı.

Üstəlik, "Turan Tovuz" növbəti mövsüm Premyer Liqada oynayacağı təqdirdə bölgədə futbolun daha da inkişaf edəcəyinə inam çoxalır. Yeni akademiya fəaliyyətini hansı yöndə quracaq?

Hələ ki burada aşağı yaş millilərimiz təlim-məşq toplanışı keçirlər. Klubun akademiyasında işlərə isə yaxınlarda start veriləcək və ondan sonra akademiyanın iş planı bəlli olacaq.

Artıq dünən akademiyanın koordinatoru ictimaiyyətə təqdim olundu. Bu, "Zirə"dən yaxşı tanıdığımız Adil Şükürovdu. Bu dəfə adət etdiyimiz kimi, klubların futbol akademiyasına əcnəbi deyil, yerli mütəxəssisin təyin olunması alqışlanası addımdı.

Buna görə AFFA-ya da, klub rəhbərliyinə də ancaq təşəkkür düşür. Bəs kimdir Adil Şükürov? Tovuzda və bölgədə uşaq futbolunun inkişafına, yenidən dirçəlməsinə nail ola biləcəkmi?

Futbolçu olduğu dönəmdə bir çox komandaların formasını geyinmiş A.Şükürov 1 oyunda millinin şərəfini qoruyub. 2008-ci ildə futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. İlk iş yeri respublikada ən yaxşı 2 akademiyadan biri olmuş "Bakı" FK-nun akademiyası olub.

Müxtəlif yaş qrupları ilə çalışan gənc məşqçi burada olduğu 7 il müddətində məşqçiliklə yanaşı, həm də akademiyada iş prinsipini öyrənə bilib.

2015-ci ildə Premyer Liqaya yeni yüksələn "Zirə"nin baş məşqçisi postuna gətirilib və ilk ildəcə komandası çempionatın gümüş medallarına sahib çıxıb. Bu, "Zirə"nin indiyə kimi qazandığı ən böyük uğurudur.

2017-ci ildə komandadan ayrılsa da, "Zirə"də qalıb və "Bakı"da öyrəndiklərini buranın futbol akademiyasında tətbiq etməyə başlayıb. Nəticə özünü çox gözlətməyib.

2 illik fəaliyyəti dövründə "Zirə"nin futbol akademiyası respublikanın ən yaxşılarından biri olub, buradan milli komandalara hər il onlarla futbolçu cəlb edilib.

Bu gün "Zirə"nin əsas heyətində tez-tez meydana çıxan 18 yaşlı Cəlal Hüseynovun əsas komandaya yüksəlməsində də Adil Şükürovun əməyi var.

Təkcə Cəlal deyil, 2 il əvvəl onunla yanaşı, daha bir neçə 16 yaşlı gənc əvəzedici komandaya qaldırılmışdı. Təəssüf ki, "Zirə"də əvəzedici komandanın ləğv edilməsi həmin gənclərin üzə çıxmasına mane oldu.

A.Şükürovun sonuncu iş yeri "Şüvəlan" olub. Bu komanda 2019-cu ilin yayında tarixin yaddaşına köçdükdən sonra Şükürovun da məşqçilik karyerasında işsiz günlər başlayıb.

Doğrudur, Samir Abasovun "Zirə"nin baş məşqçisi postundan istefa verməsindən sonra əksəriyyət Adil Şükürovun yenidən köhnə işinə qayıdacağını düşünürdü. Amma klub rəhbərliyi Zaur Həşimova üstünlük verdi.

Qısası, ilyarımdır işsiz qalan "Pro" kateqoriyalı məşqçimiz yenidən futbola qayıdıb. "Bakı" və "Zirə"nin akademiyalarında, Premyer Liqa və 1-ci Divizionda toplanan təcrübə onun "Turan Tovuz"da uğur qazanacağına zəmin yaradır.

Uğur qazanılacağı təqdirdə isə Tovuzda valideynlər övladlarını yenidən futbola getməyə qoyacaqlar.

İlqar TAĞIYEV

Digər Xəbərlər
Xəbər Lenti