"Belə başa düşdüm ki, AFFA kluba yeni sponsorun gəlişinə razıdır"

16 Fevral 2021 13:40 I Divizion 1 035
"Belə başa düşdüm ki, AFFA kluba yeni sponsorun gəlişinə razıdır"

“Kəpəz”in elitaya yüksələcəyi halda yeni sposnsora qovuşacağını bildirmişdik.

Sportinfo.az xəbər verir ki, Rusiyada yaşayan, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Gəncə təmsilçisini maliyyələşdirmək istəyir.

Ancaq Şahin bəyin bir şərti var ki, o da “sarı-göylər”in prezidenti postu ilə bağlıdı. İş adamının istəyi odu ki, Mehman Allahverdiyev prezident kreslosuna əyləşsin.

Yalnız belədə Şıxlınski “sarı-göylər”i maliyyələşdirməyə razıdır. Söylənilənlərə inansaq, onun bu şərti AFFA rəhbərliyini razı salmır. Assosiasiya rəsmilərinin “Kəpəz”in prezidenti postuna öz namizədi var.

Gəzən söz-söhbətlərə aydınlıq gətirmək üçün adı yenidən “Kəpəz”lə yanaşı hallanan Mehman Allahverdiyevlə danışmağı lazım bildik (Futbol+).

“Sarı göylər”in sabiq baş məşqçisi, müxtəlif vaxrtlarda klubun icraçı direktoru və prezidenti postunu tutan Allahverdiyev bu mövzuda çox danışmasa da, müəyyən bilgi əldə edə bildik:

“Adını çəkdiyim insan xeyli vaxtdı “Kəpəz”ə sponsorluq etmək istəyir. Bundan AFFA rəhbərliynin də xəbəri var. Sonuncu dəfə mətbuata bu haqda danışandan sonra assosiasiya rəhbərliyi mənimlə əlaqə saxladı.

Belə başa düşdüm ki, onlar kluba yeni sponsorun gəlişinə razıdılar. Onun irəli sürdüyü şərtlər barədə ətraflı danışmasaq da, aramızda müəyyən söhbət oldu.

Həmin zəngdən sonra Şahin müəllimlə əlaqə saxladım. O isə “ayın sonunda Azərbaycana gələcəm. Bütün detalları onda müzakirə edərik” söylədi. İndi onun gəlişini gözləyirik”.

Deyilənə görə, yeni sponsor klubu himayəyə götürməklə yanaşı, Gəncə stadionunu və bazanı da təmir etməyə razıdı.

Ancaq Allahverdiyev bu məsələ barədə danışmağın hələ tez olduğunu bildirdi: “Özünüz də bilirsiz ki, pandemiyaya görə bütün dünyada iqtisadi çətinliklər yaranıb.

Əvvəlki vaxt olsaydı, bəlkə də bu haqda əminliklə nəsə demək olardı. Ancaq indi bir qədər çətindi. Stadionu və bazanı təmir etdirmək xeyli vəsait tələb edir.

Premyer-liqada klub saxlamaq o qədər də asan deyil. Ola bilsin, Şahin bəy özündən başqa da kimlərisə bu işə cəlb etdi. Yəqin ki, Rusiyada olan iş ortaqları da bu yöndə ona yardımçı olacaqlar.

İndi söylədiklərim hələ ki ehtimallardı. Ən yaxşısı ayın sonunu gözləməkdi. Şahin bəy Azərbaycana dönəndən sonra bu haqda ətraflı müzakirələr aparacağıq. Məhz bundan sonra real nəsə söyləmək mümkündü”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!