AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun "Azərbaycan Premyer Liqası üçün 10 klub idealdı" açıqlaması qarşıdakı mövsüm Premyer Liqada klub sayının artırılmasına ümid verir.
Arzular gerçəkləşsə, həmin 2 klub hansı bölgələrdən ola bilər?
Təbii ki, ilk ağıllara gələn "Turan Tovuz"dur. Çünki son illər bu variant daha çox müzakirə olunur.
Bundan əlavə, bir neçə gün əvvəl AFFA prezidenti Rövnəq Abdullayevin iştirakı ilə həmin bölgədə Akademiyanın açılışı oldu.
Bu məqamlar ehtimalları daha da gücləndirir. Görəsən, qarşıdakı mövsüm üçün "Turan Tovuz" rəhbərliyinə Premyer Liqa ilə bağlı nəsə deyilibmi?
Bölgə təmsilçisinin idman direktoru Nadir Nəbiyev mövzu ilə bağlı Sportinfo.az-a bunları deyib:
"Elxan Məmmədovun bu haqda danışığını mən də mətbuatdan oxumuşam. Bizə isə heç bir şey deyilməyib".
Klub rəsmisi hazırlıqların divizion səviyyəsində davam etdirildiyini bildirib: "Hazırda birinci divizionda çıxış etdiyimiz üçün komandaya dəyişiklik edə bilmərik. Mövsüm öncəsi planlarımız birinci divizion səviyyəsində qurulub və elə də davam edir".

