"Oyun vaxtı "Sabah"ın bəzi futbolçuları deyirdi ki…"

27 Yanvar 2021 09:40 I Divizion 1 068
"Oyun vaxtı "Sabah"ın bəzi futbolçuları deyirdi ki…"

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində gözlənilmədən "Sabah"ı 2:1 hesabıyla məğlub edən "Kəpəz"in müdafiəçisi Novruz Məmmədov Sportinfo.az-a müsahibə verib.

- "Kəpəz" gözləntilərin əksinə olaraq Premyer Liqa təmsilçisi "Sabah"ı mübarizədən kənarlaşdırdı. Parlaq qələbə ilə bağlı nələri deyərdin?

- Bütün Gəncə azarkeşlərini və klub rəhbərliyini qələbə münasibətilə təbrik edirəm. Bu oyun üçün çox çalışdıq, çox məşq etdik. Bakıda "Neftçi" ilə, Tovuzda "Turan Tovuz"la yoxlama görüşü keçirdik. Hazırlığa daha tez başladıq. O fikirlə yanaşmadıq ki, Premyer Liqa klubudusa, uduzacağıq. Ən azı fikrimizdə sona kimi döyüşmək, maksimum gücümüzü meydanda qoymaq idi. Çox şükür ki, əziyyətimizin qarşılığı oldu. Düzdür, "Sabah" bizdən imkanlı klubdur. Amma bizim də döyüşkənliyimiz vardı. Məncə, əsas da bu idi. Bu qələbəni şəhid və qazi qardaşlarımıza həsr edirik.

- İlk hissədə 1-0 geridə olduğunuz halda, ikinci hissə oyunu dəyişə bildiniz. Bunda hansı məqamlar əsas rol oynadı?

- Ən böyük inam o oldu ki, həvəsdən düşmədik. İstəyimiz vardı. Adətən Birinci Dvizon klubları Premyer Liqa klubundan qol buraxanda sınma olur. Amma biz həvəsdən düşmədik. İkinci hissəyə "biz bunu bacararıq" düşüncəsilə çıxdıq. Məncə, bu bizim motivasiyamızı daha da yüksək tutdu.

- Dünən "Zaqatala", bu gün isə siz layiqli mübarizə apardınız. Bundan sonra belə fikir daha çox müzakirə olunur ki, lazımsız əcnəbilərdənsə, Premyer Liqa klubları Birinci Divizion klublarındakı istedadları heyətinə cəlb etsə daha yaxşı olar ...

- Mən bu fikirlə razıyam. Özümü misal çəkmirəm. Çünki deyəcəklər, özünü tərif edir. Amma Birinci Divizionda Premyer Liqada çıxış edəcək səviyyədə futbolçular var. Sadəcə təklif yoxdur. Yəqin ki, bu da o klubların strategiyasıdır. Nəsə deyə bilmərik.

- Növbəti rəqib də digər Premyer Liqa klubu "Keşlə"olacaq. Şansları necə dəyərləndirirsiniz?

- Bu qələbə ilə həm də onu qazandıq ki, Birinci Diviziona yuxarıdan aşağı baxılmamalıdır. Bu nəticəmizdən sonra bizə hörmət olunmalıdır. Yəqin ki, bundan sonra o hörmət qoyular. Bu qələbimzdən sonra "Keşlə" də daha ciddi hazırlaşacaq. Bu bizim də məsuliyyətimizi artıracaq. İki günlük istirahətdən sonra "Keşlə" ilə oyuna hazıralaşacağıq. Gücümüzə güc qatmaqla və daha yaxşı motivasiya ilə yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Məncə, buna qadirik. Hər şey sonda bilinir. "Keşlə" ilə sona kimi mübarizəni aparacağıq. Asan təslim olmayacağıq.

- Birinci Divizion klublarına yuxarıdan aşağı baxılmamasını istədiniz. Bu gün "Sabah"da bu halı hiss etdinizmi?

- Yox, mən o fikirlə bunu dedim ki, Premyer Liqa ilə Birinci Divizon arasında fərqlər çoxdur. Bu belə olmamalıdır. Amma "Sabah" var gücü ilə oynadı. Hətta 1-0 öndə olanda bəzi futbolçuları meydanda deyirdilər ki, yenə qol vurmaq və diqqətli olmaq lazımdır. Çox ciddi hazırlaşmışdılar. Sadəcə, biz daha səbrli, döyüşkən və diqqətli olduq.

- Düşünmürsən ki, sizin kimi təcrübəli futbolçuların yenidən Premyer Liqaya qayıtması üçün belə uğurlu oyunalar bir təkan ola bilər?

- Mən desəm ki, layiqəm, düz çıxmır. Sadəcə, onu deyə bilərəm ki, tək mən yox, Premyer Liqada oynamaq gücündə olan başqa futbolçularımız da var. Əlbəttə, bu nəticə ilə tarix yazdıq. Həm də özümüz baxımından bir təkan oldu ki, bizə də diqqət yetirsinlər. Amma sırf kimsə bizi istəyəcək deyə, meydana çıxmırıq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!