Bölgə klubu addım-addım Premyer Lliqaya gəlir!

10 Yanvar 2021 14:40 I Divizion 1 476
Bölgə klubu addım-addım Premyer Lliqaya gəlir!

2020-ci ildə futbol sahəsində uğurlar olmasa da, maraqlı hadisələr diqqəti çəkdi.

Koronavirus pandemiyası səbəbindən həm aşağı yaş qrupları üzrə çempionatlar, həm birinci divizion, həm də Premyer Liqa yarımçıq dayandırıldı.

Sportinfo.az xəbər verir ki, bunun nəticəsində ötən mövsüm 1-ci divizionda qalib olan “Turan-Tovuz” əsas çempionata vəsiqə qazana bilmədi. Başlıca səbəbin maliyyə problemi olduğunu hər birimiz az-çox bilirik.

Yəni pandemiya bir çox sahələr kimi, futbola da maddi zərər vurmasaydı, böyük ehtimalla 2020/21 mövsümündə premyer-liqada 10 klub mübarizə aparacaqdı.

Bunun siqnalı ilin əvvəlində PFL-in prezidenti Ramin Musayev tərəfindən verilmişdi. Qurum rəsmisi mediaya açıqlamasında çempionata iki yeni komandanın gətirələcəyini, onların da bölgə təmsilçiləri olacağını bildirmişdi. Plan bəlli idi, amma koronavirus hər şeyin üstündən xətt çəkdi.

Düşünmək olar ki, bu vəziyyət daha çox Tovuz təmsilçisinə yaramadı. Klub həm struktur baxımından, həm də nəticələri ilə premyer-liqaya yüksəlməyə layiq idi.

Nəticə demişkən, “Turan-Tovuz” ötən il ərzində 1 qarşılaşmada belə məğlub olmadı. Bəli, səhv oxumadız, divizionun son çempionu 2020-ni məğlubiyyətsiz başa vurdu.

Tovuz təmsilçisi ötən ilin əvvələrində 1-ci divizionda 5 oyuna çıxdı. Bu qarşılaşmaların 4-də qələbə qazanıb, 1-də heç-heçə etdi. 2020-ci ilin ikinci yarısı da komanda üçün uğurlu alındı.

2020/21 mövsümünün ilk dövrəsində “göy-qırmızılar” 11 oyun keçirdi. Bu qarşılaşmalarda 8 qələbə qazanan tovuzlular 3 heç-heçə etdilər. Hazırda 27 xalla divizionda lider olan “Turan-Tovuz” çempionluğa ən real namizəd sayılır.

Beləliklə, 2020-ci ildə 16 oyun keçirən bölgə təmsilçisi 12 qələbə qazanıb, 4 heç-heçə etməklə tarixinin ən yaxşı nəticəsinə imza atdı. Bununla da “Turan Tovuz” ötən il meydandan məğlubiyyətsiz ayrılan yeganə Azərbaycan klubu olub.

Rəqəmlərə baxsaq, tovuzlular premyer-liqaya vəsiqə qazanmağa layiqdi. Bəs reallıq necədi? Nəzərə alaq ki, Tovuz təmsilçisi ötən mövsüm Azərbaycan kubokunda iştirak etməyib.

Dolayısı ilə “göy-qırmızılar” özündən güclü rəqiblə qarşılaşmayıb. Amma istənilən halda, ortada nəticə var. Rəqiblərin güclü olmaması tovuzluların problemi deyil. Bu göstərici ilə “Turan Tovuz” yerinin divizion yox, premyer-liqa olduğunu isbatladı.

Bəs infrastruktur baxımında klubun vəziyyəti necədi? Yadınıza gəlirsə, ötənilki saylarımızın birində klubun bazasında yenidənqurma işlərinin getdiyini, stadionda və ətrafında təmir prosesinin başa çatmaq üzrə olduğunu yazmışdıq.

AFFA-nın qərarı ilə Tovuzda yeni futbol akademiyası inşa edilir və yaxın müddətdə fəaliyyətə başlayacaq.

Göründüyü kimi, “Turan-Tovuz” həm nəticələri ilə, həm də infrastrukturu ilə növbəti mövsüm premyer-liqada çıxış etməyə hazırlaşır. Lakin bizim premyer-liqada baş çıxarmaq, uğurlu olmaq üçün vacib məsələ puldu.

Klub maliyyəni necə əldə edəcək? Bax, bu dərin və cavabı çətin sualdı. AFFA-nın da köməyi ilə peşəkar klub imicini bərpa edən “Turan-Tovuz” özünə yaxşı sponsor da tapsa, onun üçün Premyer Liqanın qapıları taybatay açılacaq (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti