O virusdan divizionda niyə yoxdu?

12 Dekabr 2020 14:40 I Divizion 887
O virusdan divizionda niyə yoxdu?

Azərbaycan futbolu dedikdə nə yada düşür?

Təbii ki, ilk növbədə bir çoxlarının sevə-sevə təkrarladığı “futbol İngiltərədə dünyaya gəlib,

Azərbaycanda ölüb” deyimi. Bəs başqa nə yada düşür? Böyükhesablı məğlubiyyətlər, seçmə mərhələdəki uğursuzluqlar, böyük pullar qarşılığında əcnəbi məşqçiləri dəvət edib, heç nəyə nail olmayan ölkə.

Sonra? Bax, bu dəfə bu “sonra”ya toxunmaq istəyirəm.

Ölkə futbolunu yaxından izləyənlər bilir ki, premyer-liqanın 12-ci turu COVID-19 səbəbindən təxirə düşdü. Əksər klublarda koronavirusa yoluxanların sayında kəskin artım olduğundan PFL bu addımı atmağa məcbur oldu.

Çempionatın davam edib-etməyəcəyi hələ məlum deyil. Bu həftənin birinci günü AFFA və PFL rəhbərliyi onlayn formatda klub rəsmiləri ilə toplantı keçirdilər, mövcud durumu müzakirə etdilər, elita təmsilçilərində virusa yoluxanların durumu ilə maraqlandılar.

Uzun sürən müzakirələrin fonunda qərara alındı ki, növbəti iclasda premyer-liqanın taleyi ilə bağlı qərar verilsin.

Otən gün yenidən eyni qaydada AFFA və PFL rəhbərliyi klub rəsmiləri ilə görüşdülər. Ancaq yenə ortaya bir şey çıxara bilmədilər. Assosiasiyanın rəsmi saytında isə bu xəbər yerləşdirildi:

“Bu gün AFFA-nın təşəbbüsü ilə AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında növbəti birgə iclası keçirilib. İclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, premyer-liqa klublarının nümayəndələri və digər AFFA rəsmiləri iştirak ediblər. İclasda mövcud vəziyyət nəzərə alınmaqla premyer-liqanın təqvimi müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb. Müzakirə olunmuş məsələ ilə bağlı qərar Peşəkar Futbol Liqası tərəfindən qəbul olunacaq”.

Ölkə futboluna, klublara rəhbərlik edənlərin 72 saat aralığında iki dəfə görüşüb, uzun sürən müzakirələrdən sonra bir qərara gəlməməsi gülüncdü.

Deyə bilərsiz ki, burda gülməli nə var? Adamlar taleyüklü məsələ haqda qərar qəbul etməmişdən qabaq min ölçüb, bir biçirlər. Söhbət insan taleyindən gedirsə, məhz belə də olmalıdı.

Ancaq belə düşünənlərə bir sualım var. Niyə COVID-19-a ancaq elitada top qovan futbolçular yoluxur? Niyə həmin koronavirus birinci divizionda mübarizə aparan komandalara yaxın düşmür?

Premyer-liqa pandemiya səbəbindən dayanıb, ancaq divizionda tur keçirilir, futbolçular meydana çıxır. Sizcə, burda təzad yoxdu? Məntiqlə, hər şey əksinə olmalıydı.

Büdcəsi milyonlarla ölçülən, təşkilatçılıq baxımından ən incə detallara diqqət ayrılan, həkim personalı bahalı dərmanlarla təchiz olunan elita klubları virusun əlində girinc qaldığı halda, gözdən-könüldən uzaq düşən, həkimin çantasında su və bintdən başqa heç nə olmayan aşağı dəstə təmsilçiləri koronavirus qarşısında “ağ bayraq qaldırmırlar”.

Bu haqda düşünən var?

Ölkə futbolundakı mövcud durumu nəzərə alanda belə qənaətə gəlmək olar ki, ya divizionda çıxış edən klubların futbolçularından koronavirus testi götürülmür və bu üzdən orda yoluxmanın olub-olmadığı bilinmir, ya da aşağı dəstə təmsilçilərində çalışan həkimlər çox savadlıdılar və dədə-baba qaydası ilə oynçuları pandemiyaya yoluxmağa qoymurlar.

Hörmətli funksionerlər, bizim bu suallarımıza cavab verin. Ya etiraf edin ki, divizionda oynayandan test götürülmür, ya da həkimləri çox bilikli və bacarıqlıdılar.

Ancaq bircə onu deməyin ki, koronavirus da diviziona maraq göstərmir, o da bilir ki, Azərbaycanda birinci dəstə formallıq xatirinə keçirilir (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti