“Neftçi” - AFFA-nın ram edilmiş “şıltaq övlad“ı, “Xəzər Lənkəran”…

11 Dekabr 2020 20:00 I Divizion 1 510
“Neftçi” - AFFA-nın ram edilmiş “şıltaq övlad“ı, “Xəzər Lənkəran”…

Arxivə boylanıram, Azərbaycan premyer-liqasının ən maraqlı günlərini yada salıram.

Gərginlik artanda, kimsə AFFA-nın müəyyənləşdirdiyi “oyun qaydaları”nı pozmağa başlayanda “boz bina”nın özünəməxsus cəza metodları işə düşürdi.

Birvaxtlar Sadıq Sadıqovun prezidenti olduğu “Neftçi” ilə Mübariz Mənsimovun səxavətlə payladığı milyonlardan qidalan “Xəzər Lənkəran” vardı. Bu iki komanda çempionluq uğrundan amansız mübarizə aparırdılar.

Hafiz Məmmədovun şah əsəri sayılan “Bakı”, indiki “Keşlə”dən qat-qat güclü komanda olan “İnter” də bu mübarizəyə əlavə rəng qatırdılar.

Bir sözlə, əməlli-başlı çempionat izləyirdik. Özü də onda amansız mübarizə təkcə yaşıl meydanlarda, dolu tribunaların qarşısında getmirdi,

AFFA-nın kabinetlərində, bununla yanaşı, bahalı “CİP”lərin salonlarında, çay evlərinin örtülü otaqlarında da çox məsələlər həll olunurdu. Hakimlərin təyinatından tutmuş, həmin hakimin verdiyi qərarlara kimi, hər şey şübhəli, kənardan idarə olunan idi.

Hə, onu deyirdim axı, AFFA-nın özünün də sevimli cəza metodları var. Özü də hər şey o qədər açıq-aşkar, qorxusuz-hürküsüz aparılırdı ki, adamın özünə təəccüblü gəlirdi.

Fikirləşirdin ki, bunlar kimə arxayındılar belə, nə üçün bu qədər haqsızlıq edə bilirlər?

Məsələn, “Neftçi” ilə “Xəzər Lənkəran” arasında ölkə kuboku çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən bir qarşılaşma var.

“Nəfəskəsən” təyini bu oyun barədə danışarkən tam yerində səslənir. Bəli, “Neftçi”nin “gəmiçilər”ə 3:4 hesabıyla uduzduğu görüşü deyirəm. Meydanda qaçan, mübarizə aparan təkcə futbolçular deyildi.

Oyunun baş hakimi Anar Salmanovun “zəhməti” də unudulmaz. Qarşılaşmaya baxa-baxa zarafatla deyirdik ki, “Xəzər Lənkəran” nə qədər vursa, Anar Salmanov da o qədər vuracaq.

Həmin oyunda Salmanovun əməllərindən təngə gələn “Xəzər Lənkəran”ın çalışdırıcısı Mirça Rednik başındakı papağı yerə çırpmışdı.

Anar bəy də tənbəllik eləməmiş, öz başındakı papağı yerə çırpdığına görə rumıniyalı çalışdırıcıya qırmızı vərəqə göstərib, onu texniki zonadan uzaqlaşdırmışdı. Amma bununla da ürəkləri soyumadı.

Rednikin cəzalandırılması prosesi bilavasitə AFFA prezidenti Rövnəq Abdullayevin tapşırığı ilə davam etdirildi. “Xəzər Lənkəran”ın baş məşqçisi “Neftçi”ylə qarşılaşmada papağını yerə çırpdığına görə İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırıldı.

Bu cəza, heç şübhəsiz, dünyanın futbol tarixində bir ilk idi. Adamı başındakı papağı yerə çırpdığına görə cəzalandırdılar. Məsələ ondadı ki, həmin cəza AFFA-nın “cəza maşını”nın yeganə absurd qərarı olmayıb. Özü də bu “cəza maşını” elə “Neftçi”yə qarşı da istifadə edilib.

“Neftçi”nin o zamankı vitse-prezidenti Tahir Süleymanov AFFA rəhbərliyini kabinetlərdən çıxmağa, bölgələrə səfər etməyə, konkret “böyük oyun”da stadiona gəlməyə çağırdığına görə cəzalandırılmışdı.

Səhv etmirəmsə, məbləğ 20 min manat idi. Süleymanovun stadiona gəlişinə də müəyyən müddət qadağa qoyuldu. Hətta bu qadağa bitdikdən sonra da Tahir bəyi stadiona buraxmırdılar, deyirdilər ki, əvvəl 20 min manatı ödə, ondan sonra tribunada oturub futbola baxa bilərsən.

Yəni ki, bizi stadiona gəlməyə səsləyənlərin özünün stadiona girişinə qadağa qoyarıq, hər şey öz əlimizdədi. Göründüyü kimi, “cəza maşını” üçün əbədi dostlar anlayışı olmayıb. Bir gün “Xəzər Lənkəran”a bəd üzünü göstərən AFFA sonra həmin üzünü asanlıqla “Neftçi”yə tərəf döndərib. “Siyasətdə əbədi dostlar olmur, əbədi maraqlar olur” deyimindəki kimi.

2012-ci ilin dekabrında keçirilən “Neftçi” – “Rəvan” qarşılaşmasını, oyundan sonrakı mətbuat konfransını yaxşı xatırlayıram. “Sarı-qırmızılar”ın bosniyalı çalışdırıcısı Kemal Alispahiç hakimin qərarlarına etiraz etdiyi üçün 76-cı dəqiqədə Rednikin aqibətini yaşamışdı.

Ürəyi soyumayan mütəxəssis oyundan sonra mətbuat konfransı keçirilən zala gəlmiş, ürəyini orda boşaltmışdı. AFFA bu üsyanı cəzasız qoyardımı?

Heç vaxt! “Rəvan”ın baş məşqçisi texniki zonadan qovulduğu üçün 1000 manat, mətbuat konfransında dediklərinə görə isə 2 min manat ödəməyə məhkum edildi. Özü də bir oyunda komandasının yanında ola bilməyəcəkdi.

Bu cür cəzalarla AFFA müstəqil klubların başı üzərində “Damokl qılıncı” asırdı, onları üsyandan, narazılıqdan çəkindirməyə, gözlərini qorxutmağa çalışırdı. Çox vaxt buna nail olurdu da. Susqunluq olan yerdə isə onlar çempionatı da istədikləri kimi “fırladır”, hər şeyi öz nəzarətlərində saxlayırdılar.

İndi futbolumuzda başqa yellər əsir. “Neftçi” AFFA-nın ram edilmiş şıltaq övladıdı, “Rəvan”la “Xəzər Lənkəran” tarixin yaddaşına qovuşub. Premyer-liqada cəmi 8 komanda yarışır, daha doğrusu, birinciliyi yola verir.

Onların da mütləq əksəriyyəti AFFA-nın nəzarətindədi. Belədə “cəza maşını”nı tez-tez işə salmaq da lazım gəlmir. Amma bugünlərdə ona ehtiyac duyulub.

“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə aşağı divizionda sükutu pozub, “Turan Tovuz”la oyunakı hakim idarəçiliyinə etiraz edib. Qəzetə açıqlamasında “epizoda diqqətlə baxdım. Fikrimcə, orda penalti yox idi” demişdi.

AFFA-nın buna cavabı gecikmədi: “Kəpəz” klubunun baş məşqçisi Yaşar Vahabzadə hakimi təhqir etdiyi üçün 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur”.

Yaşar bəy, AFFA sizə gözünü ağardıb, demək istəyiblər ki, vacib olan bizim yazdığımız oyun qaydalarıdı, kitablarda olan yox. Keçmiş olsun! (Futbol+)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"