"O futbolçular koronavirusa yoluxsaydı, başqalarına da keçərdi"

6 Dekabr 2020 17:40 I Divizion 729
"O futbolçular koronavirusa yoluxsaydı, başqalarına da keçərdi"

Bu həftə Premyer Liqa ilə yanaşı, I Divizionda da koronavirusa yoluxma halları aşkarlanıb.

İndiyədək aşağı dəstədəki 10 komandadan 4-də bu problem özünü göstərib.

Hazırda turnir cədvəlinə başçılıq edən "Turan Tovuz"un 5 əməkdaşı infeksiyaya yoluxub. Onlardan biri qərb təmsilçisinin mətbuat katibi Süleyman Tağıyevdir. Digər 4 nəfər Tovuz şəhər stadionunun əməkdaşlarıdır.

"Sabah 2"də 3 futbolçunun test nəticəsi müsbət çıxıb. Bunlar əsas komandaya da cəlb olunan qapıçı Rüstəm Samiqullin, yarımmüdafiəçilər Abbas Ağazadə və Ceyhun Nuriyevdir.

Artıq onların hər üçü xəstəlikdən sağalıblar. "Neftçi 2"də iki oyunçudan götürülmüş analiz pozitiv nəticə verib. Qapıçı Vüqar Həsənov və müdafiəçi Asim Əlizadənin virusa yoluxduğu məlum olub.

"Kəpəz"də isə müdafiəçi Röyal Məmmədovda çempionatın startı ərəfəsində infeksiya aşkarlanıb. Hazırda Gəncə təmsilçisində aktiv koronavirus xəstəsi yoxdur.

Digər 6 klub -"Zaqatala", "Qarabağ 2", "Keşlə 2", "Qaradağ Lökbatan", MOİK və "Sumqayıt 2"də isə yoluxma halları müşahidə edilməyib. "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov Sportinfo.az-a bildirib ki, AFFA onlara tibbi tövsiyələrdən ibarət təlimat göndərib:

"Orada koronavirusdan qorunmağın vasitələri göstərilib. Tövsiyələrlə tanış olmuşuq və deyərdim ki, hamısına yerində riayət edirik.

Hər məşqdən öncə futbolçuların hərarətini ölçürük, çalışırıq ki, sosial məsafəni gözləyək, gigiyenik qaydalara əməl edək. Maskasız hərəkət etmirik.

Avqustun ortasında məşqlərə başlamışıq, sentyabrın əvvəlində gördüm ki, bəzi futbolçularımız soyuqlayıb. Bir az narahatlıqları var idi. Onları bir neçə gün komandadan təcrid etdik, sonra geri qayıtdılar.

Əgər o futbolçular koronavirusa yoluxsaydı, başqalarına da keçərdi. Demək, adi soyuqdəymə imiş. Hər şey özümüzdən asılıdır. Gərək ehtiyatlı olasan, hər yerə getməyəsən, az ünsiyyətdə olasan.

Bir müddət əvvəl evdəkilərdə xəstəlik şübhəsi var idi. Hamımız yoxlamadan keçdik, şükür, test neqativ çıxdı. Başqa komandaları deyə bilmərəm, "Zaqatala"da koronavirusa qarşı tədbirlərə xüsusi fikir verilir".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!