"Zirə"nin futbolçuları Orxan Məmmədovun jestinə jestlə cavab verdi

4 İyun 2020 10:52 Zirə 980
"Zirə"nin futbolçuları Orxan Məmmədovun jestinə jestlə cavab verdi

Nəhayət, Premyer Liqanın iyunun 21-də bərpa olunacağı açıqlandı.

Komandalar artıq dünəndən məşqlərə başlayaraq çempionata hazırlaşırlar.

Rəsmi açıqlamanın ardından klublara hazırlaşmaq üçün nə qədər vaxt veriləcəyi də bəlli oldu. Premyer Liqa təmsilçiləri üç həftə ərzində çempionata hazır olmalıdılar.

Hazırlıqlar bir yana, indi də klublar üçün başqa problem ortaya çıxıb. Belə ki, bir çox futbolçunun müqaviləsinin müddəti mayın sonuna qədərdir.

Bu səbəbdən də komandalar futbolçularla razılaşmağa məcburdular. Əks təqdirdə, mövsümə bir neçə oyunçu olmadan davam edəcəklər. Təbii ki, bu da bir ilk olduğundan komandaların müəyyən çətinlik yaşaması normaldı.

"Zirə" müqaviləsi mayın 31-də başa çatan 12 futbolçu ilə yeni sözləşmə imzalayıb. Qapıçılar Boyan Zoqoviç (Monteneqro), Orxan Sadıqlı, Abdulla Seyidəhmədov, müdafiəçilər Miloş Bakraç (Monteneqro), Adrian Skarlatake (Rumıniya), Alvaro Ampuero (Peru), Yovan Krneta (Serbiya), Bəxtiyar Həsənalızadə, yarımmüdafiəçilər Şafik Tiqruca (Fransa), Tellur Mütəllimov, Nicat Süleymanov və hücumçu Riçard Qadzenin (Qana) müqavilələrinin müddəti cari mövsümün sonunadək uzadılıb.

N.Abdullayev ("Qarabağ") və A.Ampuero ("Deportivo Munisipal", Peru) icarə əsasında "Zirə"də çıxış edir. AFFA mövcud vəziyyətə görə klublara standart müqavilələr göndərib və oyunçularla sözləşmə bunun əsasında yenilənib.

Sportinfo.az-ın məlumatına görə, 12 futbolçu ilə müqavilənin uzadılması "Zirə"ni əlavə xərc salmayıb. Belə ki, yeni kontrakta imza atanların hamısı Orxan Məmmədova jest edib.

Onlar fəxri prezidentin daim komandaya dəstəyini nümayiş etdirməsinə qarşılıq olaraq, 2 ay pulsuz oynamağa razılıq veriblər. Sözsüz, klub rəhbərliyi də borclu qalmayacaq.

Ötən 2 ayın maaşları qarşıdakı günlərdə ödəniləcək. "Qartallar" avrokuboklara vəsiqə qazansa, kollektivə iri həcmdə mükafat fondu ayrılacaq.

Digər Xəbərlər
Xəbər Lenti