"Zirə" pul da verir, amma…

14 Fevral 2020 20:10 Zirə 990
"Zirə" pul da verir, amma…

Divizionun 15-ci turunda "Zirə -2" evdə "Sabah-2"yə 1:2 hesabı ilə uduzub.

"Qartallar"ın heyətində əsas komandanın 2 keçmiş üzvü meydana çıxıb. Bunlar Bəxtiyar Həsənalızadə və Anastasios Papazoqludur.

Qış fasiləsində "Zirə" ilə Antalya toplanışına aparılmayan futbolçuların komandadan ayrılacağı gözlənilsə də, baş verməyib.
Hər iki müdafiəçi "Zirə-2"də oynamağa qərar verib.

Sportinfo.az-ın məlumatına görə, Bəxtiyar Premyer Liqanın bir neçə klubuna təklif olunsa da, xidmətinə maraq göstərən tapılmayıb.

Hətta turnir cədvəlinin «zirzəmi»sində yerləşən «Səbail» də oyunçu azlığından əziyyət çəksə də, yığmanın keçmiş üzvünə yaxın gəlməyib.

Papazoqluya gəlincə, yunanıstanlı legionerə 2 aylıq maaşını bəribaşdan almaq şərtilə müqaviləni qarşılıqlı pozmaq təklif edilib. O, razılaşmayıb. Ölkəsinin və Avropanın müxtəlif klublarıyla apardığı danışıqlar isə uğursuz nəticələnib.

«Zirə»dən hər ay aldığı 10 min dolların yarısı qədər ona əməkhaqqı verən komanda qarşısına çıxmayıb. Beləliklə, Samir Abasovun iki uğursuz transferi bu gün qəsəbə təmsilçisinin üstündə əməlli-başla maddi yük olaraq qalıb.

Digər Xəbərlər
Xəbər Lenti